Şəhər Günlərinin qeyd edilməsi tarixi hadisədir

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu 2020-ci ildə baş vermiş 44 günlük müharibəsində böyük tarixi Qələbəyə imza atdı. Belə ki, erməni təcavüzkarları döyüş meydanında darmadağın edildi və Ermənistan siyasi rəhbərliyi kapituliyasiya aktına imza atmağa məcbur oldu. Bütün doğma ərazilərimiz kimi Vətən müharibəsində rəşadətli  Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı. Dövlətimizin Başçısı İlham Əliyev 2020-ci il dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 6 minədək hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Digər xüsusi məqam budur ki, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Ümumilikdə isə cənab Prezidentin işğaldan azad olunan ərazilərimizlə bağlı Şəhər Günlərinin qeyd edilməsi ilə əlaqədar Sərəncamları tarixi hadisədir. Hər kəs bu şanlı tarixi Qələbə günü kimi qeyd edir. Qubadlı rayonu işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi aparılıb.2021-ci ilin bu günü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Həmçinin, Dövlətimizin Başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım ƏIliyeva  2022-ci ilin oktyabrın 19-da da Qubadlı rayonuna səfər ediblər. Prezident İlham Əliyev Qubadlı rayonunda “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində iştirak ediblər. Cari ilin may ayının 4-də Prezident İlham Əliyev Qubadlı rayonunun Zilanlı, Mahruzlu kəndlərinin, həmçinin Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagird yerlik tam orta məktəb binasının, ilk yaşayış məhəlləsinin təməlini qoyub.  Cənab Prezidentin müvafiq Sərəncamı ilə Xudafərin‒Qubadlı‒Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı‒Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb. Bütün bunlar onu göstərir ki, işğaldan azad olunan digər doğma ərazilərimizdə olduğu kimi Qubaldı rayonunda da hazırda genişmiqyaslı quruculuq işləri aparılır. Bir sözlə Qarabağ və ətraf digər rayonlarımız cənnətə çevrilir.

Rafiq Əliyev,

YAP Yevlax rayon təşkilatının sədri