Separatçı qüvvələr öz əməllərinin girovuna çevriliblər

"Azərbaycan və Ermənistan liderləri - Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə yenidən Brüsseldə bir araya gələrək sülh sazişi hazırlamağa razılaşıblar. O cümlədən, bu ayın sonuna qədər tərəflər arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının yaradılması nəzərdə tutulub. Bu görüşün yekunları onu deməyə əsas verir ki, Azərbaycan və Ermənistan arasında bu gün sülh müqaviləsinin reallaşması üçün ən münasib vəziyyət yaranıb". 

Bu sözləri Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. Onun sözlərinə görə, mövcud reallığın yaranmasında müzəffər Azərbaycan ordusunun qüdrəti və ölkəmizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi-strateji kurs və atdığı diplomatik gedişlər həlledici rol oynayıb: "Artıq vəziyyət elə bir həddə gəlib çatıb ki, bu gün Nikol Paşinyan ermənilərə bu reallığı qəbul etmələrini məsləhət görür. Bu günlərdə Ermənistan parlamentinin tribunasından erməni xalqının başqa çıxış yolu qalmadığını anlatmağa çalışan Paşinyan vaxtilə Azərbaycanla münaqişəni böyük yanlışlıq kimi dəyərləndirib və təzyiq altında savaş yolunu tutduğuna və çoxsaylı insan tələfatına və ikilərə görə erməni xalqından üzr istəyib. O deyib ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində bölgəyə qayıdacaq azərbaycanlılarla birgə yaşayışa hazır olmalıdırlar.


Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edən Nikol Paşinyanın son açıqlamaları Ermənistan dövlətinin başçısının ilk dəfə Azərbaycana qarşı ərazi iddiasından imtina etdiyini, Ermənistan və Azərbaycan arasında tezliklə sülh sazişinin bağlanmasının zəruriiyini dərk etdiyini göstərir. Onun bu praqmatik mövqeyini korrupsiyaya bulaşmış əvvəlki hakimiyyətlər dövründə rəzil vəziyyətə düşən Ermənistan xalqının əksər hissəsi də bölüşür. Rəsmi İrəvan anlamağa başlayır ki, erməni xalqının təhlükəsizliyinin təminatı “statusdan” daha vacibdir və hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını nəzərdə tutan sülh sazişinin imzalanmaması Ermənistanın regionda siyasi-iqtisadi gələcəyi üçün yeni faciələrlə nəticələnə bilər". 


Əli Hüseynli xatırladıb ki, Prezident İlham Əliyev aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkdiyini deyib:"Ölkə rəhbəri vurğulayıb ki, İrəvan Azərbaycan tərəfinin təklif etdiyi 5 prinsipdən ibarət təklifə müsbət yanaşıb. Təkliflər ərazi iddialarından əl çəkməyi, beynəlxalq sərhədlərin tanınmasını, məsələlərin həllində hədə-qorxu və güc faktorundan tamamilə imtina edilməsini, sərhədlərin delimitasiya və demarkasiyasını, nəqliyyat və kommunikasiya xətlərinin bərpasını özündə ehtiva edir.Rəsmi İrəvanı bölgədə yaranmış yeni reallıqlarla barışmağa məcbur edən amillərdən biri də beynəlxalq ictimaiyyətin Ermənistanı Qarabağın statusu məsələsində “plankanı aşağı endirməyə” çağırışıdır. Bu o anlama gəlir ki, Azərbaycanın ədalətli təkliflərinə adekvat cavab verilmədiyi təqdirdə yeni müharibə təhlükəsi qarşısında əli hər yerdən üzülmüş Ermənistan heç kimdən dəstək ala bilməyəcək və ona peşkəş edilən silahlar da erməniləri yeni məğlubiyyətdən xilas edə bilməyəcək. Təbiidir ki, bu vəziyyət Ermənistandakı müxalif qüvvələri qane etmir. Məlum “bayraq böhranı” da məhz erməni müxalifətinin sərgilədiyi populist davranışların nəticəsində yaranmışdır. Artıq Ermənistanın ona hayan dura bilmədiyini və bilməyəcəyini dərk edən Xankəndidəki separatçı-terrorçu qrupun qalıqları İrəvana etiraz əlaməti olaraq Moskvaya müraciət etməklə “müstəqilliyi tanımaq”, yaxud “Rusiyaya birləşmək” iddiaları bir çox vacib mətləbləri açıb ortaya qoyur. Lakin Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının Ermənistan parlamentinin müxalifətdən olan deputatlarının bu əraziyə buxmaqdan qəti şəkildə imtina etməsi yaranmış vəziyyətdən təşvişə düşmüş Qarabağdakı separatçı tör-töküntülərin bu arzusunun da gözündə qalacağına ciddi siyasi işarədir. Bir qədər bundan əvvəl Azərbaycan ordusunun sülhməramlı kontingentin dislokasiya zonasında yerləşən Fərrux zirvəsini nəzarətə götürməsinə rəsmi Moskvanın liberal münasibəti, Rusiyanın prezidenti səviyyəsində hər dəfə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu xatırlatması bu iddiaların xülyadan başqa bir şey olmadığını təsdiqləyir. Rusiya ilə müttəfiqlik münasibətlərinin formalaşması isə bu kontekstdə Azərbaycanın maraqlarının daha etibarlı şəkildə qorunacağına zəmanətdir. Görünən odur ki, özlərinə məxsus olmayan əraziyə göz dikən, “çox istədiklərinə görə azdan da qalan” nankor separatçılar nəticədə öz əməllərinin girovuna çevriliblər". 

İndiki vəziyyəti dəyərləndirən deputatın fikrincə, Ermənistan revanşist ideyalarından əl çəkməsə, barışığa gəlməsə, Qarabağın sülh və sabitlik məkanına çevrilməsi üçün üzərinə düşən öhdəliklərdən imtina etsə, Azərbaycan yenidən başqa təzyiq formullarını işə sala bilər: "Bununla bağlı Prezident İlham Əliyev 12 aprel tarixli müşavirədə siyasi iradəsini ortaya qoymuşdur: “Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz... Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq”.
Bunları erməni siyasi dairələri və onların havadarları da bilməmiş deyil. Ona görə də küncə sıxılmış vəziyyətə düşən müxtəlif qruplaşmalar siyasi meydandan itməmək üçün bir-biri ilə amansız savaşa start veriblər. Yəni əslində onları Qarabağ deyil, bu kart üzərindən hakimiyyət maraqları qayğılandırır. Tarixi paralellər aparsaq, bu vəziyyəti 1990-cı illərin əvvəllərində, birinci Qarabağ müharibəsi ərəfəsində və gedişində Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə və siyasi çəkişmələrlə müqayisə etmək olar. 
Bu gün isə erməni siyasi dairələri arasında ciddi çaxnaşmaya səbəb olan bu kimi siyasi qarşıdurmalar kontekstində cərəyan edən proseslər son nəticədə rəsmi Bakının lehinə oynayır. Beləliklə, ermənilər özləri də istəmədən bu fonda əmin-amanlıq tərəfdarı olan Azərbaycanın sülhsevər və ədalətli mövqeyinin daha qabarıq görünməsinə şərait yaratmış olurlar. 

Bütün bunların məntiqi nəticəsi ondan ibarətdir ki, ölkəmizin bölgədəki mövqeləri getdikcə daha da möhkəmlənir, o, regionda sülhün etibarlı qarantı kimi artıq beynəlxalq aləm tərəfindən qəbul olunur və proseslərin axarı məhz beynəlxalq hüququn ədalətli şəkildə bərpa edilməsi üzərindən Azərbaycan xalqının milli maraqlarının təmin olunmasına istiqamətlənib".