Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirir

“15 iyun tarixi ölkəmizdə Milli Qurtuluş Günü olaraq qeyd edilməkdədir. Lakin artıq həmin gün paralel olaraq qardaş ölkələr Azərbaycan–Türkiyə arasında Şuşa bəyannaməsinin imzalanması tarixi hadisəsi ilə də qeyd edilməkdədir. Görünən odur ki, 15 iyun xalqımıza sevinc və qürur yaşadan, gələcəyə nikbin baxmağa əsas yaradan tarixə çevrilib”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, Şuşa bəyannaməsinin 15 iyun tarixində, işğaldan azad olunan, bərpa edilən Şuşada imzalanması, sənəddə mühüm maddələrin öz əksini tapması, Cıdır düzündə iki qardaşın sevinc paylaşması tarixi hadisəyə çevrilib: “Şuşa bəyannaməsinin geosiyasi və iqtisadi mahiyyəti təxmin edildiyindən də böyükdür. Amma hər kəs bilməlidir ki, Şuşa bəyannaməsi 1921-ci ildə bağlanmış “Qars” müqaviləsinə əsaslanmaqla, sadiqlik bildirilməklə imzalanıb. Düşmənlərimizi incidən məqam da məhz bəyannamənin adının Şuşa olması olub. Çünki 270 ildən sonra Şuşada ilk siyasi tədbir və hüquqi sənəd imzalanıb. Bu, uzun illər tarixdə yaşayacaq hadisəyə çevrilib. Şuşa bəyannaməsinin imzalanması ilə “Bir millət, iki dövlət” mənəvi qardaşlıq münasibətlərinin hüquqi müstəviyə daşınması olub. Şuşa bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərinin siyasi-hüquqi mexanizmlərini müəyyənləşdirir. Həmçinin, Azərbaycan və Türkiyə bir-birinə müdafiə sahəsində BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərir, iki qardaş ölkə Cənub Qaz Dəhlizindən səmərəli istifadəni əlaqələndirilmiş şəkildə davam etdirir, regional və beynəlxalq sülhə və rifaha töhfə verir, Azərbaycan və türk diasporları birlikdə və daha sistemli addımlar atır, həmrəylik göstərir, Media Platforması çərçivəsində informasiya, ictimai diplomatiya sahələrində əməkdaşlıq daha da gücləndirilir, Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği sahəsində birgə əməkdaşlıq genişləndirilir. Bu gün artıq illərdir Türkiyə ilə Azərbaycan arasında nifaq salmaq istəyənlər, qardaşları təkləyib məhv etmək niyyətində olanlar, iki ölkənin ərazisinə göz dikənlər planlarının iflasa uğraması reallığı ilə qarşı-qarşıyadırlar. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa bəyannaməsi nəinki Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirir, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını, dəstəkləməsini təmin edir”.
“Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzinə çevrilib.