“Şuşa-Laçın yolunda keçirilən aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır”

“Azərbaycan fəalların Şuşa-Laçın yolunda sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır”. Bu haqda “sabahinfo.az”a Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova bildirib.

Səadət Məhərrəmova deyib ki, keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatı Ermənistan tərəfindən həyata keçirilir və sözügedən ərazilər ölkəmizin qaz təchizatı sisteminə hələki inteqrasiya olunmayıb. 3 ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya yollarının açılmasına maneçilik törədilir”.