Tariximizin inanc ocağı, "Çıldağ"

 

Neçə yüz il bundan əvvəl Bakının qədim küçələrindən birində Mehriban adlı göyçək, ağıllı bir qız varmış. Bir gün qonşuluqda bir cavan bu qıza aşiq oldu, onu sevdi, onunla evləndi.

Bir müddətdən sonra Mehribanın əri müharibəyə getdi. Gedən kimi də cavanın qara xəbərinin gəlməyi bir oldu. O vaxt Mehriban hamilə idi. O, sevimli ərinin ölüm xəbərini eşidəndə ürəyi dözməyib partladı. Qohum-əqrəba yığışdı, gəlini məscidə gətirdilər.

Mürdəşir təzəcə gəlini yuyurdu, ölənin qarnında nəsə tərpəndiyini görüb, əl saxladı. Bunu qayınataya bildirdilər. Qayınataya hər şey aydın oldu. O qılıncını qaldırıb meyidin qarnını yardı. (Hamının “Sovetski” kimi tanıdığı Komürçülər məhəlləsində o dövrlər hər kişi üstündə qılınc gəzdirərdi) Gecədən ölmüş gəlinin günortaya yaxın körpəsi, sağ-salamat dünyaya gəldi.

Körpəni görən qız, gəlinin çoxu həyəcandan, qorxudan bayıldı. Ocağın Ağa nənəsi (yaşca ən yaşlı ağbirçək qadına Ağa nənə deyərdilər) dəsmalının ucunu yanan ocağın külünə batırıb, bayılan gəlinlərin, qızların qorxuluğunu götürmək üçün onların alınlarına sürtdü. Bir anda bayılanlar özlərinə gəldi. Körpəyə Sayad adı qoydular.

Elə həmin gündən də Kömürçü bazarının arxasında bir şəfa ocağı yarandı. Adı da oldu, Sayadxanımın “Çıldağ” ocağı. İndi bu ocağa Azərbaycanın hər yerindən camaat axışıb-gəlir, azar-bezarını, qorxusunu götürdür. Ocağın seyidləri balaca pambığı odda yandırıb bədənin xüsusi oynaq nöqtələrinə vurmaqla insan bədəninə qeyri-adi bir yüngüllük gətirə bilirlər.

Deyilənə görə nə qədər adam bu ağır ocaqdan şəfa tapıb. Hətta elə olub ki, qorxudan dili tutulanın dili açılıb.

Düz deyiblər, xalqın gözü tərəzidir! El-camaat ocağını sevir, onu unutmur, həmişə qoruyur, ocağı sönməyə qoymur. Üstündən neçə illər keçsə də, ocağa inanc azalmır. Günün bu günündə də seyid ocağı Çildağ qonaqsız olmaz, ona pənah gətirənləri gülər-üzlə, təmənnasız yola salar.

Çıldağ çox çətin yollar keçib. Onu birdəfəlik bağlamaq istəyənləri də görüb, müstəqillik də görüb, işğalçılıq da. Amma hər zamanda Çildağ öz ocağının istisini pis nəfslərdən qoruyub, ocağını sönməyə qoymayıb.

İkinci belə bir şəfa ocağı Bakının Maştağa kəndində var. Bu ocağın da tarixi nəsilli-nəcabətli, xeyirxah insanların əməllərindən yaranıb. Maştağa Çildaq ocağının da qapısı ona pənah gətirənlərin üzünə həmişə açıqdır. Hər iki “Çıldağ” xalqımızın inancı, tariximizin yaddaşıdır. Hər iki ocaq kasıb məhəllələrdə, kasıb evlərdə yerləşir. Hökumətdən nə ev istəyir, nə təmir. Daima da qapıları hamının üzünə açıqdır.

Bir ocaq ki, ona inananlar üçün, səcdə edənlər üçün şəfa mənbəyidir, niyə də onu qorumayaq.

 

Gülzar İbrahimova