Tolerantlığa, bəşəriliyə sədaqət

Dünyada hər beynəlxalq təşkilatın öz funksiyaları, bu təşkilatların yaratdığı təsisatların yerinə yetirməli olduğu vəzifələr var. Elə tarixi günlər müəyyənləşdirilib ki, onların bəzilərinin amalla, dövlətin siyasi kursu ilə, tolerantlığa münasibəti ilə heç bir bağlılığı yoxdur. Yeni il belə qeyd edilir, 8 Mart belə qeyd edilir və s. 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü də belə qeyd olunan günlərdəndir.

Uşaqları müdafiə hər dövlətin daxili siyasətinin başlıca müddəalarındandır. Uşaqların sağlamlığı qayğısına qalınır, onların təhsilinə, vətəndaş kimi formalaşmasına xüsusi diqqət göstərilir. Təbii ki, dünyəvi dövlətlərdə, bəşəri dövlətlərdə. Öz dövlətinin uşaqlarının qayğısına qalmaq istəyən dövlət başqa dövlətlərin uşaqlarının da taleyinə can yandırmalıdır. Ermənistan belə dövlət olmayıb. Erməni millətçilər, erməni millətçilərinin yolunu davam etdirən ermənilər ötən əsrin əvvəllərində minlərlə körpəni, uşağı xüsusi qəddarlıqla öldürmüşdü. Dünya dövlətləri bu vandallığa ciddi münasibət bildirməmişdi. Ona görə də, el arasında deyildiyi kimi, ermənilərin “dişinin dibində şirə qalıbmış”.

Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. Ermənilər Ağdamda Əli ilə Bəxtiyarı öldürdü. Bu uşaqlar müharibənin ilk şəhidləri oldu. Ermənilər sonra daha böyük vəhşiliklər törətdi. Xocalı qırğınında 63 uşaq qətlə yetirildi. Həm də çoxusu xüsusi amansızlıqla. 2016-cı ildə 18 aylıq Zəhra öldürüldü. Dünya ictimaiyyəti bu vəhşiliyə də ciddi münasibət bildirmədi.

Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi, şəhidlərimizin ruhu narahatlıqdan qurtardı.

Tolerant dövlət olan Azərbaycanda Uşaqların Beynəlxalq Müdafiəsi Günü də dünyəviliyə, bəşəriliyə sədaqət kimi qeyd ediləcək.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı