Türk dünyasının birliyi güclənir

Anar Məmmədov

Milli Məclisin deputatı

Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hər il Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Bu təşəbbüsün bütün Türk dövlətləri tərəfindən dəstəklənməsi Azərbaycanın beynəlxalq nüfuzunun, dövlətimizin başçısına böyük etimadın göstəricisidir. Qürurvericidir ki, 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı Şuşa Azərbaycanın, 2023-cü ildə TÜRKSOY tərəfindən Türk dünyasının, 2024-cü ildə isə ICESCO tərəfindən İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilmişdi.

Bu gün TDT müstəqil türk respublikaları və xalqları arasında hərtərəfli tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma kimi çıxış edir. Prezident İlham Əliyev cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir.

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artması Azərbaycanın əsas hədəfləri sırasındadır. Şuşa Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanması da bu məqsədə xidmət edir. Belə ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını qeyd edən dövlətimizin başçısı buna görə Azərbaycanın bu günlərdə Katibliyin hesabına 2 milyon dollar məbləğində vəsait köçürdüyünü bildirdi. Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Çıxışlarda da vurğulandı ki, ötən qısa dövrdə üzv ölkələrlə 30-dan çox önəmli sahədə qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlıq qurulub. Bu Zirvə görüşünün qlobal risk və təhdidlərin artdığı, qarşılıqlı inam böhranının daha da dərinləşdiyi bir vaxtda keçirilməsi əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi bir tələbə çevirir. Bu görüşün nəqliyyat, qarşılıqlı əlaqələr və iqlim fəaliyyəti vasitəsilə davamlı bir gələcək inşa etmək mövzusunda keçirilməsi böyük önəm daşıyır.

Hazırda Azərbaycan dövlətinin gələcəyə yönələn əsas hədəfi işğaldan azad olunan əraziləri bərpa edərək həmin torpaqların dəyər zəncirinə inteqrasiyasını təmin etməkdir. Bu gün düşməndən təmizlənən yaşayış sahələrində böyük miqyasda bərpa-quruculuq işləri aparılır, minalar təmizlənir, yeni yollar, “ağıllı şəhər” və “ağıllı kənd”lər salınır. TDT-yə üzv ölkələr, xüsusilə, qardaş Türkiyə tərəfindən bu prosesdə fəal iştirak etmək diqqətdə saxlanılır. Bütün bunlar və türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin aydın təzahürüdür.

TDT-nin Azərbaycana etimadı, diqqəti həm də respublikamızın dünya ölkələri üçün hazırda prioritetə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya kimi problemlərlə üzləşdiyi bir vaxtda respublikamızın bu çağırışlara biganə qalmaması ilə əlaqədardır. Çünki TDT üzv ölkələrdə, eləcə də Azərbaycanda yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla dayanıqlı inkişafa maraqlıdır.