“Türk psixoloqlarının ölkəmizə səfəri Türkiyənin qazilərimizə olan qayğısının bariz nümunəsidir”

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi qazilərinə psixoloji dəstək məqsədi ilə bir qrup türkiyəli mütəxəssis Azərbaycana gəlib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner, Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç ilə görüşüb, mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

Moderator.az-a açıqlamasında türk psixoloqların məlum gəlişini şərh edən millət vəkili Məşhur Məmmədov, bunu qardaş Türkiyə dövlətinin Azərbaycana, onun qazilərinə olan diqqət və qayğısının növbəti təzahüri kimi dəyərləndirib. Millət vəkili Səhiyyə Naizrliyi və TƏBİB-in bu istiqamətdəki fəaliyyətini də yüksək qiymətləndirib:

“Təbii ki, türk psixoloqlarının qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə gəlişi hər şeydən əvvəl qardaş Türkiyə dövlətinin qazilərimizə, vətənimizin şanlı müdafiəçilərinə olan diqqət  və qayğısının göstəricisidir. Heç kimə sirr deyil ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan böyük dəstək verdi, bir an belə olsun dövlətimizi, xalqımızı tək buraxmadı. Artıq iki ildir ki, müharibə başa çatsa da, qardaş Türkiyə dövləti Azərbaycana dəstəyini davam etdirir. Bugünlərdə bir qrup türkiyəli mütəxəssisin qazilərimizə psixoloji yardım məqsədi ilə ölkəmizə səfər etməsi də bu dəstəyin davamıdır. Türkiyə bununla bir daha bütün dünyaya nümayiş etdirir ki, o, hər zaman Azərbaycanın yanındadır və bundan sonra da onu dəstəkləməkdə davam edəcək.

Mən xalqımıza, qazilərimizə verdiyi dəstəyə görə qardaş Türkiyəyə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı sonsuza kimi yaşayacaq, bu birlik və qardaşlıq sadəcə ölkələrimizdə deyil, bütün dünyada sülhün, tərəqqinin, əmin-amanlığın bərqərar olması və inkişafına öz töhfəsini verəcəkdir.

Mən bu məsələdə Səhiyyə Nazirliyi və TƏBİB-in fəaliyyətini də yüksək qiymətləndirirəm. Təkcə bir faktı nəzərə çatdırım ki, bu gün TƏBİB-ə tabe olan tibb müəssisələrində onlarla Vətən müharibəsi iştirakçısı, qazi və şəhid ailəsinin üzvləri çalışır. Səhiyyə Nazirliyi və TƏBİB qazilərimizin tibbi bərpa və reabilitasiyasında mühüm rol oynayır, hər bir qazi və şəhid ailəsi ilə bağlı məsələyə xüsusi həssaslıqla yanaşır. Şübhəsiz, dövlət qurumlarımızın qazilərimizə, şəhid ailələrinə bu cür qayğıkeş, həssas münasibəti qürurvericidir və həmin qurumların öz vəzifə borcuna, dövlət başçısının tapşırıq və tövsiyyələrinə yüksək dəqqiliklə əməl edildiyini göstərir”.