Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

Müstəqilliyin ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik olan Ümummilli lider Heydər Əliyev olmuşdur. Məhz belə mürəkkəb bir vəziyyətdə, 1993-cü ildə Ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtmışdır. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik-hüquqi dövlət yaratmağı bacarmışdır.
Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmayıb, bütövlükdə türk dünyasını da əhatə etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra türkdilli ölkələrlə, o cümlədən, Türkiyə ilə sıx əlaqələrə və əməkdaşlığa hər zaman xüsusi diqqət yetirmiş, ortaq milli-mədəni tarixi, dili və mənəvi dəyərləri özündə birləşdirən türk xalqları və toplumları ilə əlaqələrin inkişafını hər zaman önə çəkmişdir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. Ulu öndərin qeyd etdiyi kimi: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Azərbaycanın Ümummilli liderinin türk dünyası ilə qarşılıqlı əlaqələri, yüksəliş strategiyasını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi elə ilk aylardan uğurla davam etdirmişdir. Ölkə başçısı prezidentlik fəaliyyəti illərində ölkə daxilində regionların sosial-iqtisadi inkişafını və xarici ölkələrlə, xüsusilə qardaş Türkiyə ilə iqtisadi əlaqələri piroritet sahə kimi diqqətdə saxlamışdır.
Bu dostluq və qardaşlıq münasibətləri Qarabağ münaqişəsindən əvvəl olduğu kimi, savaş dövründə də aydın nəzərə çarpdı. Türkiyə “Dağlıq Qarabağ” münaqişəsində tarixi, hüquqi, mənəvi ədalətin bərqərar olunması istiqamətində aparılan mübarizədə haqq səsimizə davamlı səs verdi. Vətən müharibəsi günlərində də bu, özünü qabarıq göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan savaşın ilk günündən sonunadək Azərbaycana siyasi-mənəvi dəstəyini əsirgəmədi. Qardaş ölkənin Prezidentinin “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözləri qələbənin qazanılmasında çox böyük rol oynadı. Bu, 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan Ermənistanın havadarlarının Azərbaycanın haqq-ədalət mübarizəsinə müdaxilə cəhdlərini alt-üst etdi. Həmin dövrdə belə həmrəylik nümayişi xalqımız tərəfindən yüksək qiymətləndirildi, qardaşlıq və əməkdaşlıq münasibətlərinin daha da güclənməsinə öz müsbət təsirini göstərdi. Ölkə başçısının cari ilin may ayının 28-də “TEKNOFEST Azərbaycan” festivalında iştirakı zamanı qeyd etdiyi kimi: “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq”.
Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin, o cümlədən, hərbi əməkdaşlığın daha da genişlənməsinə öz müstəsna töhfəsini verir.
Türkiyə müharibədən sonrakı dövrdə də Qarabağda təhlükəsizliyin təmin olunması və nəzarətdə saxlanılması prosesinə də dəstəyini verir. Bu gün Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Rusiya–Türkiyə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Əlbəttə, birgə Monitorinq Mərkəzinin fəaliyyəti bölgəmizin sabitliyini qorumaq üçün çox önəmli amildir. Mərkəz pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinqlər aparır.
Beləliklə, Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə, əsrlərin o üzündən gələn ənənələrə əsaslanaraq, bütün dünya üçün bir nümunəyə çevrilib. Bütün bunlar Ölkə rəhbəri cənab İlham Əliyevin illər əvvəl də bəyan etdiyi kimi, XXI əsrin Türk dünyası əsrinə çevrilməsi üçün atılan xoş addımların göstəricisidir. Eyni soy-kökə, ortaq tarixə, mədəniyyətə və müasir dünyamızda üst-üstə düşən iqtisadi-siyasi maraqlara malik türkdilli ölkələrin bir-birinin yanında olmasıdır. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan istər regionda, istərsə də böyük bir coğrafiyanı əhatə edən Türk dünyasında önəmli layihələrə imza atır ki, bu, həm dövlətin iqtisadi gücünü, həm də Türk dünyasına olan sevgisini göstərməkdədir.

Cavid Hüseynov
ADPU-nun mətbuat katibi