Türkiyəli gənclərin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib

Səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi və Heydər Əliyev Muzeyi, türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün büstü, “Xan Sarayı” Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi ziyarət edilib. Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Dövlət Universiteti ilə tanış olub, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda naxçıvanlı gənclərlə görüşdə iştirak ediblər.

Görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Türkiyə Gənclik Vəqfi İqdır İl təmsilçisi Cəmaləttin Cantəpə çıxış edərək iki ölkə arasındakı qardaşlıq əlaqələrindən, Türkiyə və Azərbaycan Gənclər fondlarının bu günədək birgə həyata keçirdiyi layihələrin əhəmiyyətindən, hər iki ölkə gənclərinin ortaq maraqları əsasında davam edəcək sıx əməkdaşlıq və planlardan söz açıblar. Görüşün sonunda konsert proqramı olub. Naxçıvan Musiqi Kollecinin instrumental ansamblı tərəfindən təşkil edilən konsert qonaqlara xoş ovqat bəxş edib.