Uğurla davam etdirilən siyasət

Bu gün respublikamızın sürətlə inkişafı Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün davamıdır. Onun o dövrlərdə gördüyü işlər Azərbaycan xalqının milli özünüdərki, insanların keçmiş ideoloji sistemin əsarətindən xilas olmağa, Azərbaycan xalqının tarixi yaddaşına qaydışına, milli ruhun yüksəlişinə, Azərbaycan xalqının qəlbində illərdi yığılıb qalmış milli dövlətçilik ideyasının inkişafına qüvvət vermiş və xalqını bugünkü inkişafına zəmin yaratmışdı. İstər Azərbaycanda, istərsə də Moskvada işlədiyi zaman Azərbaycanın kənd təsərrüfatı, mədəniyyəti və incəsənət, elm və təhsil, idman, memarlıq və arxitektura və s. sahələrin inkişafı üçün əlindən gələni əsirgəməmişdi. Bütün bunlarla yanaşı, o, hər zaman Azərbaycan dilinin qorunub saxlanılması və inkişaf etməsini daima diqqət mərkəzində saxlayırdı. "Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!" deyən Heydər Əliyev rus təhsilli olmasına baxmayaraq, hər zaman Azərbaycan dilində danışmağa üstünlük verirdi. Azərbaycan Sovetlər birliyinin tərkibində olanda belə Heydər Əliyev cəsarətlə çəkinmədən Azərbaycan dilinin qorunub saxlanması və inkişafı üçün daima ana dilimizdə nitq söyləməklə Azərbaycan xalqına örnək olmuşdur.

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, slməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.

Bu gün çox böyük daxili inamla demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin inkişafına, işlənmə arealının genişlənməsinə göstərdiyi qayğı, onun siyasi varisi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə çox böyük sevgi ilə davam etdirilir.

İbrahim Kərimov,

YAP Sabirabad rayon təşkilatının əməkdaşı