VƏTƏNİ BÜTÖVLƏŞDİRƏN LİDER

Bu gün Azərbaycanın uğurlarından, inkişafından bəhs edəndə ilk növbədə Prezident İlham Əliyevin bu barədə müxtəlif vaxtlarda dediyi fikirlərə diqqət yetirməli oluruq. Hələ 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmədə cənab İlham Əliyev qarşıda dayanan vəzifələrlə bağlı danışarkən bu barədə bildirmişdi: «Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm».

2003-cü illə bu günümüzü 20 illik bir zaman kəsiyi ayırır. Və bu 20 ilin hər bir mərhələsi, cənab İlham Əliyevin prezidentliyinin hər bir dövrü Azərbaycanın müasir tarixinin mühüm nailiyyətləri ilə əlamətdardır. Prezident İlham Əliyev uzaqgörənliklə, təmkinlə, ardıcıllıqla və həm də sürətlə dövlətimizi elan etdiyi bütün hədəflərə çatdırıb, qarşıya qoyulan milli prioritetlərin hər biri keyfiyyətlə və vaxtında yerinə yetirilib.

Əsas makroiqtisadi rəqəmlərə nəzər salmaqla 20 ilin inkişaf yolunun nə qədər möhtəşəm olduğunu görə bilərik. Məsələn, son 20 il ərzində ümumi daxili məhsul 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb və əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur. Bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə artıb. Orta aylıq əməkhaqqı 77.4 manatdan 839,4 manata yüksəlib, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Strateji valyuta ehtiyatlarımız 20 il əvvəl 1,4 milyard ABŞ dolları idisə, indi 70 milyard dollara yaxınlaşır.

Bunlar sıradan iqtisadi rəqəmlər deyil. Bu rəqəmlərin hər biri 20 ildə Prezident İlşam Əliyevin rəhbərliyi ilə getdiyimiz inkişaf yolunun uğur hesabatıdır. Bu rəqəmlərin hər birinin arxasında cənab Prezidenti siyasi iradəsi, əzmkarlığı, müdrik iqtisadi kursu və islahatları dayanır.

Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev dünyanın nüfuzlu siyasi liderləri ilə bir cərgədə dayanan dövlət başçısıdır. İlham Əliyev şəxsiyyəti, İlham Əliyev faktoru bütün siyasi dairələrdə ən yüksək ehtiramla qarşılanır. Beynəlxalq münasibətlərdə əhəmiyyətli yeri və çəkisi olan dövlətlərin, mötəbər təşkilatların rəhbərlərinin Prezidentimizə olan xüsusi münasibətində bunu görmək mümkündür. Və əlbəttə ki, bu, öz növbəsində Azərbaycanın qlobal siyasi-iqtisadi nüfuzunu şərtləndirən mühüm siyasi faktordur. Azərbaycanın neft-qaz layihələrini qətiyyətlə həyata keçirə bilməsində, respublikamızın 2012-2013-cü illərədə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsində və bu gün 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsində İlham Əliyevin qlobal nüfuzu əsas rolu oynayıb.

Prezident İlham Əliyev respublikamızın hər bir regionu kimi Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu istiqamətdə lazım olan hər şeyi edib. Naxçıvanın hər bir yüksəliş nümunəsində cənab Prezidentin imzası var. Bu ildən icrasına başlanılan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” və hazırda Muxtar Respublikada həyata keçirilən islahatlar da təsdiq edir ki, Prezident İlham Əliyevin Naxçıvana diqqət və qayğısı davamlıdır.

Prezident İlham Əliyev qətiyyətli və praqmatik siyasəti, genişmiqyaslı islahatçı fəaliyyəti ilə ötən 20 ildə dövlətimiz öz hədəflərinə inamla çatdırıb. Bu dövrdə qazanılmış nailiyyətlər hər bir vətəndaşın qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirib. Hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi daha sıx edib. Bundan irəli gələrək ötən dövrdəki bütün prezident seçkiləri İlham Əliyevə göstərilən ümumxalq etimadı ilə əlamətdar olub. Xalqımız bütün seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirməklə, inkişaf proseslərinə, Azərbaycanın qüdrətlənməsinə özünün layiqli qiymətini verib.

Son 3 ildə isə Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə Azərbaycan dövlətçilik salnaməsinin ən şərəfli səhifələri yazılıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, bu ilin sentyabrında tarixi yurd yerimiz olan Qarabağda milli suverenliyimizin tam bərqərar edilməsi tək bugünümüzün deyil, bir neçə əsrlik dövlətçilik tariximizin mühüm siyasi-hərbi hadisələridir. Artıq Qarabağda Şuşa və Hadrutla yanaşı, Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda, Əsgəranda Azərbaycan bayrağı dalğalanır.

Beləliklə, Prezident İlham Əliyev həm də 30 illik işğala son qoyan, 200 illik erməni separatizmini məhv edən böyük şəxsiyyətdir. İlham Əliyev Vətəni bütövləşdirən Liderdir.

Belə bir şərəfli tarixi yazılan xalqımız hazırda mühüm siyasi hadisə olan prezident seçkilərinə hazırlaşır. Prezident İlham Əliyevin dekabrın 7-də imzaladığı sərəncamla növbədənkənar keçiriləcək bu seçkilər 2024-cü il fevral ayının 7-nə təyin olunub. Dekabrın 8-də Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı Təqvim planı təsdiq olunub və hazırda siyasi sferada seçki hazırlıqları davam edir, siyasi partiyalar öz namizədlərini irəli sürürlər. Respublikamızın hakim və aparıcı siyasi partiyası olan, xalqın bütün sosial zümrələrini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilmiş genişləndirilmiş iclasında ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Böyük qürur hissi isə qeyd etmək istərdim vətəndaşlarımızın kimi prezident görmək istəməsi ilə bağlı cəmiyyətəimizdə hakim olan ortaq rəy ondan ibarətdir ki, xalqımızın seçimi cənab İlham Əliyevə etimad üzərində formalaşacaq. Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin namizədliyini irəli sürməsindən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəkləmələri bunu təsdiq edir.

Azərbaycan xalqının İlham Əliyevi növbəti dönəmdə də ölkə Prezidenti vəzifəsində görmək arzusunun dərin əsasları var. Bu arzu ötən 20 ilin möhtəşəm uğurlarına, nəticələrinə, torpaqlarımızın işğaldan azad edən siyasətin davam etdirilməsinin vacibliyinə əsaslanır. Azərbaycanın bu günü və gələcəyi İlham Əliyevlə bağlıdır. Bu mənada inkişafın, sabitliyin, təhlükəsizliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarı olan xalqımız qarşıda gələn növbədənkənar prezident seçkilərinin ən layiqli namizəd olan İlham Əliyevə səs verəcək. İlham Əliyevin prezidentliyi ölkəmizin inkişafı, 20 il ərzində qazanılmış uğurların davamlı olması və Azərbaycanın daha da qüdrətlənməsi deməkdir.

Cəbi QULİYEV,

Milli Məclisin deputatı