X Qlobal Bakı Forumu: ölkəmiz qlobal proseslərə töhfə verməyə davam edir

Son dövrlərdə Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, ölkəmizin stabil və dayanıqlı inkişafı, dünyada artan nüfuzu, əməkdaşlıq etdiyi bütün sahələrdə etibarlı tərəfdaş adını qazanması, Azərbaycanla tərəfdaşlığa can atan ölkələrin sayının çoxğluğu sübut edir ki, ölkəmiz mühüm qlobal dialoq məkanına çevrilmişdir. 2013-cü ildən bəri ölkəmizdə keçirilən Qlobal Bakı Forumunun uğuru da bu fikirləri bir daha təsdiq edir. Bu il sayca onuncusu keçirilən Foruma 60 ölkədən 350 nəfər iştirakçının qatılması, onların arasında 50-dən artıq hazırkı və sabiq prezident və baş nazirin olması, Forumun “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunması əvvəlcədən deməyə əsas verirdi ki, müzakirələrin səviyyəsi kifayət qədər yüksək olacaqdır.

9-11 mart tarixlərində baş tutan Forum həqiqətən də çox yüksək səviyyədə keçdi. Forumun açılışında cənab Prezident İlham Əliyev şəxsən çıxış edərək Forumu açıq elan etmiş, Forumda müxtəlif mövzularda panellər və müzakirələr, o cümlədən Afrikanın geostrateji əhəmiyyəti və imkanları, Yaxın Şərq və ətrafında sülh, sabitlik və inkişaf axtarışı ilə bağlı müzakirələr keçirilmiş, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Qlobal liderlərin Heydər Əliyev irsinə ehtiramı” mövzusunda tədbir keçirilmişdir. Müzakirə edilən mövzuların dairəsi həm də onu göstərir ki, Azərbaycan sözün əsl mənasında Şərqlə Qərb arasında əlaqələrin intensivləşməsində və qloballaşmada mühüm körpü rolunu da müvəffəqiyyətlə icra edir.

Dünyanın yeni geosiyasi vəziyyəti, müharibələrin, hərbi münaqişələrin artması, pandemiya, iqlim dəyişikliyi, su və ərzaq qıtlığı problemləri, dünyada xeyli sayda insanın aclıqdan əziyyət çəkməsi, qanunsuz miqrasiya hallarının artması – bütün bunlar yeni dünya düzənini təhdid edən və təxirəsalınmadan həll olunması vacib olan problemlərdir. Qlobal Bakı Forumu da məhz bu ümumbəşəri məqsədə xidmət edir. Belə gərgin bir dövrdə dünyanın gələcəyi hər kəsi düşündürməlidir. Qlobal problemlərin həllinin ən etibarlı yolu isə bərabərlik, ədalətlilik, xaqlara və dövlətlərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinin rəhbər tutulduğu siyasi dialoqdur. Azərbaycan bu mənada həm regionun ən qabacıl ölkəsi kimi, həm də Qoşulmama Hərəkatının sədri kimi böyük işlər görmüşdür.

2019-2023-ci illər üzrə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Hərəkatın fəaliyyətini xeyli canlandırmışdır. Hər şeydən öncə Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün bir sıra tarixi qərarlar qəbul edilmişdir. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsi təsis edilmişdir. Məhz Qoşulmama Hərəkatının sədri qismində cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasında COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiya keçirilmişdir.

Qoşulmama Hərəkatına, Hərəkatın fəaliyyətinin canlanmasına Azərbaycanın bu qədər diqqət və qayğı göstərməsinin səbəbi odur ki, ölkəmiz az öncə sadaladığımız dünya problemlərinə biganə deyil və onların həlli üçün əlindən gələni edir. Prezident İlham Əliyev də X Qlobal Bakı Forumunun açılışında ölkəmizin göstərmiş olduğu xidmətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İlk növbədə qeyd edək ki, pandemiya ilə mübarizənin ilk günlərindən Cənab Prezident bu işdə həmrəyliyin vacib olmasını qeyd etmiş, peyvəndlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə qarşı çıxmışdır. Pandemiya ilə əlaqədar Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etmişdir. Eyni zamanda koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etmişik.

Dünyanın bugünkü böhranlı vəziyyətinə ölkəmizin verdiyi digər bir töhfə də şübhəsiz ki, Azərbaycanın son dövrlərdə Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsidir. Azərbaycan və Avropa Komissiyası arasında Enerji Sahəsində Anlaşma Memorandumunun imzalanması, qaz ixracımızın artırılaraq 24 milyard kubmetri keçməsi və onun ən azı yarısının Avropaya nəql edilməsi, TANAP və TAP-ın həcminin 2 dəfə artırılmasının planlaşdırılması Azərbaycanın sön dövrlərdə enerji sahəsində gördüyü böyük işlərdir. Prezident İlham Əliyev bu işləri bir cümlə ilə çox gözəl vurğulamışdır: “Biz Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişmişik, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir”.

X Qlobal Bakı Forumu bizim üçün həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün mühüm platforma rolunu oynadı. Biz bir daha dünyanın diqqətinə çatdırdıq ki, Ermənistanla münaqişəni dinc yolla həll etmək üçün əlimizdən gələni etdik və hərbi yoldan qaçınmaq üçün uzun müddət gözlədik. Lakin Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa məhəl qoymaraq bizə başqa yol qoymamışdır. Müharibənin bitməsindən sonra da regionda dayanıqlı sülhə çalışan tərəf Azərbaycandır. Prezident İlham Əliyev məqsədli olaraq Forum iştirakçılarının diqqətini Azərbaycanda milli azlıqların haqlarının qorunmasın məsələsinə də yönəltdi. Əslində belə beynəlxalq Forumların və təbdirlərin ölkəmizdə təşkil edilməsinin həm də Azərbaycanda necə yüksək dini və etnik dözümlülüyün olduğunu, müxtəlif etnik və dini qrupların nümayəndələrinin Azərbaycanda dinc və ləyaqətli şəkildə yaşadığını göstərmək üçün böyük əhəmiyyəti var.

Sonda qeyd edim ki, 2013-cü ildən bəri keçirilən Forum hər zaman aktuallığını və nüfuzunu saxlamağı bacarır. Bu ilki Forum da yüksək təmsilçiliyi və müzakirə edilən mövzular baxımından dünya media gündəliyinin diqqətini uzun müddət özündə saxlmağı bacarmışdır. Bizim üçün olduqca qürurverici məqamdır ki, Formun iştirakçıları X Qlobal Bakı Forumunu bütün dünyaya sülh çağırışı üçün ideal məkan adlandırmışdır.

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik

və korrupsiya ilə mübarizə komitəsinin

sədri Ziyafət Əsgərov