Xalqın mənəvi atasının ali missiyası haqqında bir neçə söz...

Dünyaca məşhur fikir dahisi Maks DePreenin fikrincə, liderin birinci vəzifəsi qarşısına aydın və gerçək məqsəd qoymaqdır. Şübhəsiz, bu həqiqət onu diqtə edir ki, yalnız məramı ali, mənəviyyatı saf olan lider qarşısına qoyduğu uca hədəfə çata, öz xalqının taleyində önəmli rol oynaya bilir. Azərbaycan xalqının qüdrətli yetirməsi, unudulmaz ümummilli lider Heydər Əliyev belə liderlik keyfiyyətlərini özündə birləşdirən əvəzolunmaz tarixi şəxsiyyət idi.

Milli öndər Heydər Əliyevin ən böyük amalı, ən nəcib arzusu canından artıq sevdiyi Azərbaycanı azad və güclü, doğma xalqını xoşbəxt, ehtiyacsız görmək olub. 1991-ci ildə sovet imperiyasının çöküşü ilə müstəqillik qazanan Azərbaycan elə ilk addımlardan faciə və sınaqlarla üz-üzə qaldı. Daxili və xarici düşmənlər nəyin bahasına olursa-olsun, ölkəmizdə qarışıqlıq yaratmaq, Azərbaycanın müstəqilliyini beşiyindəcə boğmaq üçün ən iyrənc üsulları işə saldılar.

O zamankı ölkə rəhbərinin səriştəsiz və uğursuz siyasəti respublikada anarxiyaya səbəb oldu. Qarabağda davam edən separatizm Ermənistanın irimiqyaslı hərbi təcavüzü ilə qanlı müharibəyə çevrildi. Xalqın sabaha ümidi sarsıdıldı. Hərc-mərclik nəticəsində ölkədə vətəndaş qarşıdurması yarandı. Gəncədə baş verən qardaş qırğınının yaratdığı hərbi-siyasi böhran Azərbaycanın müstəqilliyini ciddi təhlükə altında qoydu.

İqtisadi böhran, ərzaq çatışmazlığı, kəskinləşən sosial ehtiyaclar isə müharibədəki uğursuzluq səbəbindən onsuz da əsəbləri tarıma çəkilən xalqın o zamankı iqtidara inamını sarsıtmışdı. Belə vəziyyətdə bütün gözlər Naxçıvana—xalqın qeyrətli oğlu, böyük azərbaycanlı Heydər Əliyevə dikilmişdi. Xalq yaxşı bilirdi ki, belə təhlükəli vəziyyətdən ölkəni yalnız dünya miqyaslı siyasət və dövlət xadimi Heydər Əliyev xilas edə bilər. Beləliklə, ümummilli fəlakətin bir addımlığında ölkənin bütün sağlam düşüncəli, mütərəqqi insanları səslərini bir yerə qatıb ümummilli lider Heydər Əliyevi təkidlə siyasi hakimiyyətə dəvət etdilər.

Siyasi hakimiyyəti müstəqil dövlətin parlament sədri kimi qəbul edən təcrübəli dövlət adamı Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində tərk edilmiş prezident kürsüsünü tutmaq üçün keçirilmiş seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq dövlət başçısı kimi fəaliyyətini yüksək məsuliyyət və müstəsna bir müdrikliklə davam etdirdi. Bütün bunlar müstəqil Azərbaycan dövlətini qurtuluşa aparan yolun başlanğıcı oldu. Sonrakı illərdə baş verən siyasi proseslər Azərbaycan xalqının tarixi fəlakət anında müdrik siyasi qərar verdiyini təsdiq etdi. Hadisələr onu göstərdi ki, qədirbilən xalqımız öz seçimində yanılmayıb.

Xalqın yüksək etimadını coşğun siyasi fəaliyyət enerjisinə çevirməyi məharətlə bacaran ulu öndər Heydər Əliyev ölkəmizi sarsıdıcı bəlalardan, kütləvi faciələrdən xilas etdi. Siyasət nəhənginin hakimiyyətə qayıdışı ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı, Azərbaycanı sülh və sabitlik ünvanına çevirdi.

Milli liderin ölkəyə 10 illik rəhbərliyi dövründə çoxsaylı taleyüklü qərarlar verildi, əsaslı islahatlar həyata keçirildi. Bu qərarlardan biri də 1994-cü ilin sentyabrın 20-də bağlanmış və tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş neft kontraktıdır. Həmin müqavilə sayəsində ölkəmizə xarici kapital axını artmağa başladı və Azərbaycanın iqtisadi potensialı hərəkətə gətirildi.

Ölkənin maddi durumu möhkəmləndikcə digər sahələrdə inkişaf yarandı. Azərbaycanın sosial-iqtisadi mövqeyi güclənməyə başladı. Qeyri-neft sektorunun inkişafı yeni müəssisələrin yaradılmasına, əlverişli biznes mühitinin formalaşmasına ciddi zəmin yaratdı. Güclü və müasir ordu quruculuğuna start verildi. Vahid komandanlıq institutu yaradıldı, təhlükəli hərbi qruplaşmaların varlığına son qoyuldu, kriminogen durum nəzarətə götürüldü. Ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Yaxın gələcəkdə qüdrətli bir ölkənin yaranmasına hərtərəfli şərait yaradıldı.

Prezident Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkənin ictimai-siyasi, sosial-mədəni həyatı dirçəldi və tərəqqiyə yön aldı. Bütün bunlar özünü çox keçmədən xalqının həyatında rahatlıq və məmnunluq yaradan dəyişikliklərdə göstərməyə başladı.

Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən fundamental islahatlar nəticəsində Azərbaycan həyatın bütün sahələrində yeniləşmə və tərəqqi yoluna qədəm qoydu. Ümummilli liderin uzaqgörən siyasəti ölkənin təhlükəsiz gələcəyinin təminatına çevrildi.

Zaman bir daha sübut etdi ki, həqiqətən, xalqını sevən və fövqəladə liderlik keyfiyyətləri ilə dövlət başçısı öz Vətəninin taleyində həlledici rol oynamağa qadirdir. Məhz bu ali missiyasına görə Azərbaycan xalqı xilaskar və qurucu lider kimi Heydər Əliyevin ölkəmiz üçün gördüyü işləri daim qədirbilənliklə xatırlayacaq, öz ulu öndərinin misilsiz xidmətləri qarşısında daim minnətdar olacaq. Dahi və unudulmaz Heydər Əliyev Azərbaycan tarixinin ən şərəfli səhifəsinin yaradıcısı olaraq hər birimiz üçün əbədi simvol səviyyəsinə yüksəlmiş xalqın mənəvi atası kimi həmişə qəlbimizdədir.

Rəşad Mahmudov,

Milli Məclisin deputatı