“Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region üçün yeni imkanlar açacaq”

“Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı dayanıqlı münasibətlərin təmini baxımından mühüm əhəmiyyət kəsb edir”. Bunu YAP Nəsimi Rayon təşkilatının Əməkdaşı Mətanət Səfərli deyib.

Onun sözlərinə görə, bu kimi zivrə toplantıları hüquqi bazanın möhkəmlənməsinə xidmət edir: “Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlanıb. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Azərbaycanın bu məsələdə mövqeyi ortadadır. “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununda konkret müddəalar öz əksini tapıb. Konvensiyaya görə, Tərəflərin Xəzər dənizindəki fəaliyyətini müəyyən prinsiplər əsasında həyata keçirir. Bunlardan dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, zor işlətməmək və zor işlətməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq; Xəzər dənizinin sülh məqsədləri üçün istifadə edilməsi, onun sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsi, Xəzər dənizi ilə bağlı bütün məsələlərin dinc vasitələrlə həll edilməsi; Xəzər regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsi; hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üzrə ümumi səylərə, o cümlədən bütün Tərəflər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq öngörənlik və şəffaflıq ruhunda riayət edilməsi; hər bir Tərəfin ərazi sularının hüdudlarından kənarda dəniz elini tədqiqatların, Tərəflərin razılaşdırdığı hüquqi normalara uyğun olaraq, sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarına, eləcə də bununla bağlı müəyyən tədqiqat növlərinə münasibətdə onların müəyyən etdiyi qaydalara riayət etməklə aparılması Xəzər dənizi ilə bağlı ortaq mövqeyin ortaya qoyulmasında əhəmiyyətli addımdır”.
M.Səfərli onu da deyib ki, Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir: “Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Eyni zamanda Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcminin artması, bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsidir”.