Xızıda korrupsiyaya qarşı maarifləndirici tədbir

“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyinin “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” adlı layihə çərçivəsində növbəti tədbirini Xızı rayonunda keçirib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən tədbir rayonun Heydər Əliyev Mərkəzində baş tutdu.

Rayon icra hakimyətinin nümayəndəsi Laçın Əliyev tədbiri açaraq bildirdi ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi həm məmur, həm də vətəndaşlar üçün çox faydalıdır. Belə tədbirlər sayəsində vətəndaşlar korrupsiyaya qarşı mübarizə metodları, bu cür hallara qarşı hansı ictimai qurumlarla əməkdaşlıq etməli olduduqları barədə bilgilərə sahib olurlar.

Layihə rəhbəri Fəxrəddin Nəsirli xatırlatdı ki, bu layihə çərçivəsində keçirilən üçüncü tədbirdir.

Layihənin eksperti Şaban Nəsirov korrupsiyanın umimbəşər problem olduğunu bildirərək dedi ki, bu problem təhlükəsizliyə, sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Bu üzdən hər bir dövlət korrupsiyaya qarşı ölkənin spesfik xüsusiyyətlərini nəzərə almaqla mübarizə planı həyata keçrir. Çox vaxt da bu proqramları beynəlxalq birliklərlə birlikdə keçrilməsinin daha effektli olmasını nəzərə alıb beynəlxalq təşəbbüslərə qoşulurlar. Azərbaycan da 2011-ci ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında ilk konfransı keçirilən Açıq Hökumət Tərəfdaşlığına ilk qoşulan dövlətlərdəndir.

AHT şəffaflığın artırılması, vətəndaşlara səlahiyyət verilməsi, korrupsiya ilə mübarizə və idarəçiliyin güclədirilməsi üçün yeni texnologiyaların tətbiq edilməsi sahəsində hökumətlərin müəyyən öhdəliklərinin yerinə yetirilməsinə təminat verən yeni çoxşaxəli təşəbbüs olmuşdur. Hökumət və vətəndaş cəmiyyəti tərəfindən nəzarət edilən Açıq Hökumət Tərəfdaşlığı dörd əsas prinsipi əks etdirir: Şəffaflıq; Vətəndaş iştirakı; Hesabatlılıq; Texnologiya və İnovasiya. Ekspert sözünə davam edərək bildirdi ki, bu prinsiplərə adiyyəti dövlət qurumları və sahibkarlar əməl etsələr korrupsiya yaradan səbəblər aradan qalxmış olar. Bu məsələdə vətəndaş cəmiyyətlərinin üstünə də böyük yük düşür. Bu üzdən hökumət bu illər ərzində müxtəlif proqramlar həyata keçirməyə başladı ki, bu proqramlarda ictimai nəzarəti təmin etmək üçün ictimai iştirakçılıqla bağlı qanunlar, fərmanlar verildi. Bununla yanaşı korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmək üçün “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı oldu. Milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrılıb. İctimai Şuralar Milli fəaliyyət planından istifadə etməklə korrupsiyaya qarşı effektli mübarizə apara bilər. Bundan sonra ekspert təlim iştirakçılarına ictimai şuraların yaranma səbəbləri, ictimai şuraların korrupsiyaya qarşı mübarizədə oynaya biləcəyi roldan danışıb.

Ekspert “İctimai İştirakçılıq haqqında” qanundan, Azərbaycanın tərəfdar olduğu beynəlxalq müqavilələrdən danışıb. Deyib ki, ictimai iştirakçılığın məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, həmin orqanlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasıdır.

Daha sonra təlim iştirakçıların suallarının cavablandırılması ilə davam etdi.