Xocəsən bələdiyyəsində görüş 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Binəqədi rayonu Xocəsən  qəsəbəsinin bir qrup sakinləri ilə görüş keçirib. Görüşdə iştirak edən vətəndaşlardan Natəvan Abbasova, Çiçək Ələkbərova, Selyan Alıyeva, Zərqələm Əliyeva, Ruhiyyə  Məmmədova, Kamil Quliyev və Elşad Əlisgəndərov Xocəsən bələdiyyəsinin inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində əsas yolların, bəzi məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, fərdi evlərin sənədləşdirilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, köhnəlmiş elektrik naqillərinin dəyişdirilməsinin, qəsəbələrdə abadlıq işlərinin aparılmasının, yeni körpələr evi-uşaq baxçasının tikintisinin, yeni kanalizasiya xətlərinin çəkilməsinin, mövcud kanalizasiya xətlərinin yenidən qurulmasının, qaz təchizatında qayda-qanunlara ciddi əməl edilməsinin, yeni qəbristanlığın salınmasının, bank sistemində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsinin, banklar tərəfindən  vətəndaşların hüquqlarının pozulması üzrə məhkəmələrdə baxılan işlərdə ədalət prinsiplərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinin və digər məsələlərin vacibliyini qeyd etmişlər.
 

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.
 

Görüşdə Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak etmişlər.