Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır

23 avqust Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Sabahinfo.az xatırladır ki, 1993-cü il ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanları Baş Mühafizə İdarəsi yaradılıb.

Ulu öndər xalqın tələbi ilə 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, xüsusi dövlət mühafizəsi sahəsində də yeni mərhələ başladı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzaladı. Dahi şəxsiyyət sentyabrın 20-də imzaladığı Fərmanla Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiqlədi.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sisteminə diqqət və qayğı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib. Ölkə başçısının 21 avqust 2008-ci il tarixli Sərəncamı ilə hər il avqustun 23-ü Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Prezident İlham Əliyevin 2020-ci il martın 16-da imzaladığı “Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman isə ölkəmizdə bu sahədə fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım oldu. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında üç dövlət orqanı - Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.

Azərbaycanın xüsusi mühafizə sisteminin çoxminli kollektivi onlara göstərilən ali etimadı nümunəvi xidmətləri ilə daim ən yüksək səviyyədə doğrultmağa çalışır, ölkəmizin təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verir.