XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır

“Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Tarixi Zəfərimizdən sonra ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi istiqamətində atılan addımlara və uğurlu nəticələrə diqqət yetirmək kifayətdir. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış etməsi, həmçinin bu və ya digər tədbirlərə fəxri qonaq qismində dəvət edilməsi də uğurlarımız sırasındadır. Cənab İlham Əliyev iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə bu ölkədə səfərdə oldu. Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Zirvə görüşün mövzusu hazırkı dövrün çağırışlarını özündə ehtiva etdi.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkili qeyd edib ki, “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yönümündə göstərdiyi səylərə xüsusi diqqət göstərildi: “Dövlət başçısı İlham Əliyev çıxışında bir daha diqqəti  Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə yönəldərək bildirdi ki, bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Cənab İlham Əliyev çıxışında əlaqələrin inkişafında iqtisadi amilin rolunu önə çəkərək Azərbaycanın bu istiqamətdə malik olduğu potensialdan bəhs etdi. Hazırkı dövrün əsas çağırışı kimi bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması xüsusi diqqətə çatdırıldı. Ölkəmizin bu ilin noyabrında COP29-a ev sahibliyi bu sahədə mövcud imkanlarına, eyni zamanda, iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinə  verdiyi töhfələrə işıq salacaq.”

Əliabbas Salahzadə vurğulayıb ki, Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir: “2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən Memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.  Qürurverici haldır ki, Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycanın bu Sammitdə iştirakı ölkəmizin multilateralizmə verdiyi önəmin göstəricisidir. Azərbaycan ŞƏT-in demək olar ki, bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.”

Millət vəkili diqqəti iyulun 5-6 tarixlərində Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə yönəldib: “Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacağını bildirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmizin türk dövlətlərinin əməkdaşlığında özünəməxsus və aparıcı rolu var. Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb. Türk dövlətləri  dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də bunun bariz nümunəsidir. Son illər Azərbaycanın türk dvlətlərinə, onların liderlərinin Azərbaycana səfərlərinin intensivləşməsi də türk dünyasının birliyinə xidmət edən addımlar sırasındadır. Bu Zirvə görüşünün özəlliyi ondan ibarətdir ki, bu birliyə, həmrəyliyə Şuşa şahidlik etdi və bu məkandan mühüm çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır.”  

Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, tarixi Zəfərimizə və  qələbədən sonrakı dövrün reallıqlarına diqqət yönəltməsin: “Şuşa Zirvə  görüşündə cənab İlham Əliyev bildirdi ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan etmişdir. İndi isə bu torpaqlara həyat qayıdır. Böyük Qayıdış Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq. Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər etmişlər.”

Millət vəkili qeyd edib ki, türkdilli ölkələrin dövlət başçılarının çıxışlarında da tarixi Zəfərimizin yol açdığı imkanlardan geniş bəhs olundu: “Zirvə görüşünün məhz Şuşada keçirilməsinin öz rəmzi mənası olduğu bildirildi. Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir. Belə bir əminlik də ifadə edildi ki, birgə səylərimiz nəticəsində  bu bənzərsiz şəhərin nümunəsində bütün Qarabağ gələcəkdə əbədi dostluğumuzun həqiqi rəmzinə çevriləcək. Bu çağırış da səsləndirildi ki, ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir.”

Əliabbas Salahzadə vurğulayıb ki, hər bir beynəlxalq əhəmiyyətli tədbirin mahiyyətini, əhəmiyyətini açıqlayan məqam sonda Bəyannamənin imzalanmasıdır: “Şuşanın şahidliyi ilə imzalanan Qarabağ Bəyannaməsi, Zirvə görüşü çərçivəsində qəbul edilən qərarlar birgə həyata keçirilən layihələrin icrasını daha da sürətləndirəcək, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinə stimul olacaq.”