YAP Yasamal rayon təşkilatında tədbir keçirilib

YAP Yasamal rayon təşkilatının 2022-ci il iş planında təsdiq olunmuş “Milli maraqlar və xarici siyasət” adlı silsilə görüşlər çərçivəsində “Milli maraqlar və Azərbaycanın dövlətçilik tarixi” mövzusunda gənclərlə görüşün növbəti qonağı YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov olub.

Görüşün əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev gəncləri salamlayıb və vurğulayıb ki, bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır.

Bəxtiyar Nəbiyev daha sonra sözü əsas məruzəçi Misir Mərdanova verərək bildirib ki, gənclərlə bu cür görüşlər mütəmadi xarakter daşıyır.

Çıxış edən əsas məruzəçi YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Azərbaycanın dövlətçilik tarixini qədimdən müasir dövrə qədər olan ətraflı şəkildə məruzə edib.

Misir Mərdanov qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranmış böhran və iqtisadi tənəzzül həyat tərzinin aşağı düşməsinə şərait yaratmış, insanların sabaha olan inamları azalmışdı.

Belə bir dövrdə xalqın təkidli çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və iqtisadiyyatımızın inkişafı üçün əməli fəaliyyəti ilə ölkəyə uğur gətirirdi.

Bu siyasi xətti uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə xalqın etimadı ilə Prezident seçildikdən sonra ilk olaraq iqtisadiyyatımızın inkişafı üçün önəmli olan layihələrin reallaşmasına diqqət göstərdi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır.

Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır.

Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir.

Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Daha sonra müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb, təklifləri dinlənilib. Gənclər onları maraqlandıran suallarına cavab alıb.

Müzakirədə fəal iştirak edən gənclərə “Zəfərə aparan yol” adlı müəllifi özünün olduğu kitabı Misir Mərdanov tərəfindən hədiyyə olunub.

Sonda gənclərlə xatirə şəkli çəkilib.