Yeni dünyada Güclü Lider

Azərbaycanın daxili  və xarici siyasətinin mərkəzində məhz insan faktoru, Azərbaycan xalqının maraqları dayanır. Sosial, infrastruktur, ekoloji və digər bütün xüsusi sahələrdə atılan müvafiq addımlar və əldə olunan müsbət nəticələr siyasətimizin öz hədəfinə çatdığını bir daha təsdiq etmişdir. Hesab edirəm ki, son 5  ildə Azərbaycan kimi xarici əlaqələri genişlənmiş, dünya arenasında xüsusi strateji əhəmiyyətə malik olmuş və yüksək sosial-iqtisadi göstəricilərə imza atmış ikinci bir ölkə olmamışdır. Biz hər dəfə Ölkə Prezidenti cənab İlham Əliyevin hansısa bir ölkəyə səfər etdiyi zaman yeni uğura imza atılmasının və eyni zamanda da digər xarici dövlət başçılarının,nümayəndələrinin ölkəmizə səfəri zamanı ölkəmizin maraqları naminə əldə etdiyimiz uğurların şahidi oluruq. Həmin önəmli səfərlərdən biri də,  cari ilin iyulun 18-də  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfər etməsi və səfər çərçivəsində imzalanan mühüm əhəmiyyətli rəsmi sənəddir.  Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutmuşdur.  Dövlətimizin başçısı birgə bəyanatla çıxış edərkən, mühüm bir məsələyə diqqət çəkərək, bildirdi ki, bugünkü Memorandum aramızda imzalanmış birinci sənəd deyil. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Bir sözlə, yaxşı tarixçəmiz və nailiyyətlərimiz var. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı isə 157 qeqavata bərabərdir. Bir sözlə, bizim nəhəng resurs ehtiyatlarımız var. Bundan əlavə, əlbəttə ki, gələn illər ərzində istifadə edəcəyimiz yeni qaz yataqlarımız var. Bununla qazın hasilatını artıracağıq. Biz bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin edəcəyik. Bu, səylərimiz sayəsində yaradılmış və Avropa İttifaqının dəstəklədiyi çox üstün vəziyyətdir. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.

Təbii ki, bu dərəcədə səmimi və praqmatik siyasəti olan dövlət başçımızın bir marağı vardır, o da məhz Azərbaycan xalqının uğurlu gələcəyini, sabit və təhlükəsiz həyat tərzini təmin etməkdir. Məhz bu diqqətə cavab olaraq, xanım Prezident Ursula Fon der Lyayen bəyanatında  bildirdi ki, çox səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Qətiyyət göstərərək, Avropa İttifaqını dəstəklədiyinizə görə minnətdarıq.  Bu sözlər Azərbaycanın etibarlı tərəfdaş ölkə olduğunu təsdiq edir. Həqiqətən siz bizim üçün mühüm enerji tərəfdaşısınız. Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir. Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.

Çox sevindirici haldır ki, dünyada güc amilinin rol aldığı bir vəziyyətdə Azərbaycan dövlətinin xarici siyasəti həm milli maraqları gözləyir, həm də dünya siyasətinin bütün subyektlərinin bərabərhüquqlu iştirakını təmin edən fəaliyyət modelinə üstünlük verir. Ona görə də doğma Partiyamızın Sədri, Ölkəmizin Lideri cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən, onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır və nəticədə ölkəmiz böyük nüfuz qazanır.

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri