Yeni əməkdaşlıq  perspektivləri 

Araz çayı üzərində inşa edilmiş “Xudafərin” və “Qız Qalası” hidroqovşağının istismara verilməsi böyük tarixi əhəmiyyətə malikdir.

 Hidroqovşaqların tikilməsi, su elektrik stansiyalarının quraşdırılması həm də Azərbaycan və İran arasındakı səmərəli əməkdaşlığın təsdiqidir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran əlaqələrinin daha da güclənməsinə töhfə verəcəkdir. 

Bu layihələr Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olacaq. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcəkdir. Cənab Prezident İlham Əliyev bu məsələlərə toxunaraq qeyd etdi ki, bizim energetika sahəsində çox böyük planlarımız var: “Artıq qeyd olunduğu kimi burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək.Bildirməliyəm ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda “yaşıl enerji” zonaları elan edilib. Bu bölgələr bizim ərazimizin təxminən 25 faizini təşkil edir. Bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgə üçün fayda verəcək. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları inşa edilib. Bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramımız var və yaxın iki-üç il ərzində bu, həll olunacaq. Nəzərə alsaq ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi artıq həll olunub və qarşılıqlı təchizat məsələləri də həll edilib, bu, ölkələrimiz və digər ölkələr üçün də fayda gətirəcək layihələr olacaq”. 

Onu da qeyd edək ki, əsrlər boyu İran və Azərbaycan xalqları birgə yaşayıblar. Ortaq tarixi mədəniyyətə malik olan xalqlarımız bir-birindən bəhrələnib, dünya ədəbiyyatına, incəsənətinə töhfələr veriblər. 

Ölkələrimiz arasındakı siyasi və diplomatic münasibətlərin möhkəmliyi bölgəmizə sabitlik və sülh vəd edən əsas amil kimi qiymətləndirilir. Bunun ən bariz nümunəsi ilk dəfə olaraq İran və Azərbaycan prezidentlərinin sərhəddə görüşmələri idi. 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərdən sonra, Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizə səfər edərkən Xudafərin körpüsünə Dostluq körpüsü dedi. Mayın 19- da isə iki ölkə başçısının sərhəddə görüşməsini dəyərləndirən ölkə başçısı İlham Əliyev qeyd etdi ki: “ Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”. Bu tədbir həm İran-Azərbaycan münasibətlərinin bərpası və inkişafı, iqtisadi imkanların artması və şaxələnməsi baxımından, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri də buna əsas yaradır: “ İran bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərir”. Ölkə başçısı qeyd edib ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir: “Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək. İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik”. 

Ölkə başçımızım bu çıxışı təkcə Ermənistan rəhbərliyinə deyil, digər ölkələr üçün ciddi mesajdır. Həqiqətən də, əgər kimsə – minlərlə kilometr uzaqda yerləşən ölkələrin rəhbərləri bu regionda müəyyən nəticələr əldə etmək istəyirlərsə, bizimlə danışmaq məcburiyyətindədirlər. Cənubi Qafqazda yaradılmış yeni reallıq bunu diqtə edir. 

Azərbaycan və İran  üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da bu dəstək davam etdiriləcək.

Azərbaycan heç zaman öz ərazisindən üçüncü ölkəyə qarşı istifadə olunmasına yol verməyəcəkdir. 

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı