Yunanıstan avrozonada qaldı

Avropa İttifaqının 19 lideri Yunanıstanın borc böhranının həlli məqsədilə Brüsseldə toplanıb.16 saat davam edən danışıqlarda ağır şərtlər qarşılığında Afinaya üçüncü paket yardımı mövzusunda razılaşma təmin edilib. Sammit iştirakçıları Afinanın avrozonada qalmasına dair qərar qəbul edib. Bunun müqabilində Yunanıstan xarici kreditorlar qarşısında götürdüyü borc öhdəliklərini dəqiqliklə yerinə yetirməlidir.
Toplantı iştirakçılarına yaxın mənbə Yunanıstana üçüncü paket yardımın ayrılması qərarını şərh edərkən deyib: "Bu yardım proqramı Afinanın öz öhdəliklərini yerinə yetirməsi ilə bilavasitə əlaqəli olacaq. Yunanıstan ancaq pensiya və vergi sahəsində islahatların tətbiqini də nəzərdə tutan altı qanun layihəsini tətbiq etməyə başladıqdan sonra Aİ liderləri bir daha sammit keçirəcək və üç il davam edəcək 90 milyard dollar məbləğindəki yardım proqramının davamına rəy verəcək".

Qeyd edək ki, toplantıda Yunanıstanın Baş naziri Çipras, Almaniyanın konsleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Avropa Şurasının rəsmisi Donald Tusk 19 ölkənin qatıldığı təcili sammitin əsnasında təklifin ana xəttlərini təyin ediblər.