Zaqatalada itkin düşən hindistanlının tapılması üçün mükafatın məbləği artırılıb

Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin tapılması üçün təyin olunan mükafatın məbləği artırılıb.

Bu barədə APA-nın yerli bürosuna Manikanth Kondaveetinin ailəsindən bildirilib.

Manikanth Kondaveetini tapan şəxsə 25 000 manat pul mükafatı veriləcək.

Qeyd edək ki, daha əvvəl Hindistan vətəndaşını tapan şəxsə 10 000 manat pul mükafatı veriləcəyi bildirilib.

İtkin düşən Hindistan vətəndaşının qardaşı deyib ki, bu mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.

Onun sözlərinə görə, pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək, itkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq:

"Zəhmət olmasa nəzərə alın ki, itkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.

Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.

Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq".

Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.

29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar cəlb olunub.