Sumqayıtda bəzi məktəblərdə geyim qaydaları ilə bağlı narazılıq yaranıb.
Sabahinfo.az xəbər verir ki, 3, 21, 22, 29, 31 və 39 nömrəli tam orta məktəblərdə oxuyan şagirdlərin valideynləri şikayət ediblər.
Valideynlərin sözlərinə görə, ölkədə məktəbli formaları üçün vahid standart müəyyən olunsa da, bu məktəblərin daxili qaydalarına əsasən, qız şagirdlərin şalvar geyinməsi qadağan edilib. Nəticədə şalvarla dərsə gələn şagirdlər sinifə buraxılmır və həmin gün onlara "qayıb" yazılır.
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən ümumtəhsil müəssisələrində vahid məktəbli forması tətbiq edilir.
Qeyd olunub ki, Qərara uyğun olaraq adıçəkilən təhsil müəssisələrinin pedaqoji şuraları tərəfindən valideynlərin rəyi nəzərə alınmaqla ağ və tünd göy rənglərindən ibarət olan forma nümunələri seçilib.
Təhsil İdarəsindən verilən məlumata görə, məktəblərin rəhbərləri tərəfindən qız şagirdlərin məktəbli formasına aid olan şalvardan istifadəsinə etiraz edilmir. Spesifik olaraq həmin məktəblərdə şagird və valideynlərə yalnız qız şagirdlər üçün nəzərdə tutulmuş məktəbli formasına aid şalvardan istifadə tövsiyə olunub:
"Eyni zamanda bildiririk ki, vətəndaşların şikayəti yarandığı təqdirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edə bilərlər".