Zəfər seçkiləri Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Hacıqabul rayonun Navahı qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Vüsal Nağıyev, Zaur Qasımov və Sərvin Ağayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, bugünkü uğurların əsasında 2003-cü ildə xalqımızın verdiyi düzgün qərar dayanır. Ölkəmizin gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir.

Seçicilər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdiklərini və seçkilərdə öz səslərini qalib xalqın qalib Liderinə verəcəklərini ifadə ediblər.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri “qapı-qapı” seçki texnologiyasına uyğun olaraq qəsəbə ərazisində seçiçilərlə görüşləri davam etdiriblər.