15 iyun- Milli iftixar günü

“Tarixin yaddaşına möhürünü vurmuş şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yazmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür”.

Bunu Milli Məclisin deputatı Əminə Ağazadə KİV-ə açıqlamasında deyib. Onun sözlərinə görə, 15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən bir gündür: “1993-cü ilin 15 İyununda dünya şöhrətli siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə respublikamıza rəhbərliyə qayıdışı Azərbaycanlın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Ulu öndərimiz özünün siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və yorulmaz fəaliyyəti ilə o zaman respublikadakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasını, dövlət müstəqilliyimizin bütün təhlükələrdən xilas olmasını və ildən-ilə güclənməsini, sarsılmazlığını təmin etdi. Xalqımız Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək, Milli Qurtuluşun açdığı yolla öz böyük gələcəyinə - dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər oldu.Müstəqillik dövründə Azərbaycanın əldə etdiyi böyük tarixi uğurlar, ölkəmizi firavan gələcəyə doğru aparan yol məhz Milli Qurtuluş Günündən başlanır. Ona görə də Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Prezident İlham Əliyev cənabları tərəfindən müdrikliklə, mütərəqqi addımlarla davam etdirilir: “Ali Baş Komandanın rəhbərliyi altında bu gün torpaqlarının azadlığına qovuşan Azərbaycan özünü dünyada etibarlı tərəfdaş, sülh, sabitlik və əməkdaşlıq məkanı kimi təsdiq edib. Bu gün Cənubi Qafqazın güc mərkəzinə çevrilən, əhali sayı sabit şəkildə artaraq 10 milyonu ötən Azərbaycan sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanıdır. Daim artan dayanıqlı iqtisadiyyatı, qüdrətli orduya, güclü sosial siyasətə malik olması ilə seçilən ölkəmiz möhtəşəm qlobal layihələri uğurla reallaşdıran, tolerant dəyərlərin daşıyıcısı, multikulturalizm nümunəsi olan, bütün əməkdaşlıq formatlarında etibarlı tərəfdaş kimi tanınan bir ölkə kimi dünya birliyində nüfuzlu mövqeyə sahibdir

15 iyun Azərbaycanda ənənəsi olan, dərin dövlətin yaradılmasının başlandığı, müasir, sivil, vətəndaş cəmiyyətli bir dövlətin qurulmasının təməlinin atıldığı gündür. Buna görə də xalqımız haqlı olaraq bu günü Milli Qurtuluş günü kimi qeyd edir və bununla ulu öndərin xatirəsinə ehtiramını və məhəbbətini bir daha ifadə edir”.