“20 Yanvar” İB-i Biləsuvarda tədbir keçirib

“20 Yanvar” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müasir hərb tariximizdə iz qoyan qəhrəman vətən oğullarının tanıdılması” layihəsi çərçivəsində aprel ayının 25-i Biləsuvar rayonunda 6 saylı məcburi köçkünlər qəsəbəsi X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd orta məktəbində tədbir keçirib. Layihə çərçivəsində baş tutan tədbir Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş Vətən müharibəsi şəhidi Hüseynov Elxan Maarif oğluna həsr olunmuşdur. Tədbirdə məktəbin şagird və müəllim heyyəti, bir sıra qazilər, müharibə veteranları iştirak edib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Sultan Əzimzadə layihənin məqsədi barəsində məlumat verib. Bildirib ki, layihənin məqsədi ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, eləcə də vətənpərvərlik yönümündə maarifləndirmə işlərini daha da genişləndirməkdir.

“20 Yanvar” İB-in sədri Sultan Əzimzadə qeyd edib ki, gənclərimiz arasında vətənpərvərlik hissləri yeterincə vardır, bu özünü ən son 44 günlük Vətən müharibəsində göstərdi, lakin bu yönümdə davamlı olaraq təbliğat və maarifləndirmə işlərinin görülməsi vacibdir. Vətən naminə çalışan, milli mənafeni hər şeydən üstün tutan, torpaq uğrunda canından keçən qəhrəmanlarımızın adı daim əziz tutulmalı, qəlblərdə yaşamalıdır. Bu insanların nəsillərə nümunə olan şərəfli həyatı, vətən üçün fədakarlığı gənclərimizə miras olaraq çatdırılmalıdır, onlar daim yaşadılmalıdır.

Tədbirin gedişatında müxtəlif qonaqlar tərəfindən çıxışlar olmuşdur, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş Vətən müharibəsi şəhidi Hüseynov Elxan Maarif oğlunun keçdiyi döyüş yolu haqqında yeniyetmə və gənclərə məlumat verilmiş, onun qəhrəmanlıq şücaətlərindən söhbət açılmışdır.
Tədbirin gedişatında qonaqlar layihə barəsində müzakirələr aparıblar, məktəbin şagirdləri tərəfindən kompozisiyalar dinlənilib, yeniyetmə və gənclərə bayraqlar, layihə çərçivəsində hazırlanıb çap olunan bukletlər və kitabçalar paylanılıb.