Biz tarixi torpaqlarımızı şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azad etmişik. Üç il əvvəl, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı ərazi bütövlüyümüzün təmin olunması uğrunda 3 minə yaxın Vətən övladı şəhidlik zirvəsinə ucaldı. Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başladığı günün - sentyabr ayının 27-nin Anım Günü kimi qeyd olunması torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın göstəricisidir.
Azərbaycan Ordusu 3 il əvvəl Ermənistanın 30 ilə yaxın davam edən işğalına cəmi 44 günə son qoydu, düşmən döyüş meydanında darmadağın edildi. Bu müharibə, ilk növbədə, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, siyasi müdrikliyinin və uzaqgörənliyinin təcəssümü kimi tarixə düşdü.
Müharibə günlərində xalqımız vahid yumruq kimi ordumuzun və Ali Baş Komandanın ətrafında birləşdi, milli həmrəyliyimiz daha da gücləndi. Prezident İlham Əliyev 44 gündə bütün beynəlxalq təzyiqləri dəf edərək, müharibənin ilk günündən sonuna kimi dövlətimizin və xalqımızın milli mənafelərini qətiyyətlə təmin etdi. Ermənistan məhz Azərbaycanın şərtləri əsasında kapitulyasiyaya imza atdı. Bu mənada 10 noyabr üçtərəfli bəyanatı hərbi qələbəmizin hüquqi təsdiqi olmaqla yanaşı, həm də tarixi siyasi-diplomatik uğurumuz oldu.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd, xeyli sayda strateji yüksəklik işğaldan azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. 44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Bir çox strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla isə ərazi bütövlüyümüzü tam bərpa etdik. Sentyabrın 19-da isə həyata keçirilən local xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam təmin etdi. Cəmi 24 saatdan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi. Beləliklə, 44 günlük Vətən müharibəsindən ötən 3 il ərzində Ermənistanın sülhdən yayınması İrəvanın və separatçıların əleyhinə işlədi. Azərbaycan isə bölgənin lideri kimi sülh təklif edir və bu istiqamətdə həlledici addımlar atmaqdadır.
Müharibədən sonrakı əsas reallıqlardan biri də Azərbaycanın işğaldan azad etdiyi ərazilərini bərpa etməsi və yenidən qurmasıdır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən hər bir layihə həm də döyüş meydanındakı qələbəmizin quruculuq meydanında davamı və rəmzi ifadəsidir. Mühribədən ötən qısa müddətdə azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda kompleks abadlıq-quruculuq işləri aparılır, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Qarabağın hava qapısı olan Füzulidə, Şərqi Zəngəzurda ilk hava limanı - Zəngilanda hava limanı istifadəyə verilib. Mürəkkəb relyefə malik olan Laçında da aeroportun tikintisi davam etdirilir. Bütün ərazilərdə yollar çəkilir, digər kommunikasiya xətləri bərpa olunur. Keçmiş məcburi köçkünlər öz dogma yurdlarına qayıdır.
Əsas reallıqlardan biri də budur ki, bu gün Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdir.