2025-ci il iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyev tərəfindən “8 Noyabr” Elektrik Stansiyasının açılışının edilməsi və istifadəyə verilməsi Azərbaycanın enerji tarixinə mühüm hadisə kimi düşdü. Bu stansiya ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücü ilə ölkənin ən iri istilik elektrik stansiyası olan bu layihə unikal xüsusiyyətlərə malikdir. Müasir texnologiyalarla təchiz olunmuş stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya həm ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək, həm də ixrac potensialını artıracaq.
Stansiyaya “8 Noyabr” adının verilməsi təsadüfi deyil. Adını Vətən müharibəsində əldə edilmiş Zəfər günündən alan proje ölkənin enerji müstəqilliyinə və dayanıqlı inkişaf strategiyasına xidmət edir.
Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Tarixi Zəfərimizin iqtisadi müstəvidə davam etdirilməsi, ənənəvi və bərpaolunan enerji sahəsində bir sıra önəmli layihələrin reallaşdırılması təqdirəlayiqdir. Enerji sektorunun modernləşdirilməsi və diversifikasiyası istiqamətində atılan addımlar öz nəticəsini verməkdədir.
Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. “8 Noyabr” Elektrik Stansiyası Azərbaycan-İtaliya-Çin əməkdaşlığının uğurlu layihəsidir. Neft-qaz resurslarına əsaslanan enerji istehsalı ilə yanaşı bərpa olunan enerji mənbələrinin inkişafına da xüsusi diqqət yetirilməsi, bu sahəyə böyük investisiyaların yatırılması ölkəmizin balanslı enerji siyasətinin mövcudluğundan xəbər verir. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir.
Bu gün regional enerji təhlükəsizliyində Azərbaycan vacib aktora çevrilib. Ölkəmiz Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb. Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib.
“8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və ölkəmiz bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək.
Stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bu isə ildə 1 milyard kub metr qaza qənaət edilməsi deməkdir. “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilir.
Yuxarıda qeyd etdiyimiz kimi, “8 Noyabr” Elektrik Stansiyası ixrac potensialını və büdcə gəlirlərini artıracaq. “Stansiya Azərbaycanın enerji sektorunda yeni və parlaq inkişaf səhifəsi açır.
Siyasi iradə, iqtisadi-strateji baxış, ekoloji məsuliyyət və peşəkar kadr potensialının mövcudluğu belə bir uğurlu layihənin ərsəyə gəlməsinə səbəb olub. Regionda enerji təhlükəsizliyinin təminatçısı olan Azərbaycan qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini günü-gündən gücləndirir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı