ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir? - AÇIQLAMA

"Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirildi. Xartiyanın imzalanması Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açır".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, siyasi və strateji əməkdaşlıqla yanaşı, Azərbaycan-ABŞ münasibətləri enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intellekt və rəqəmsal infrastrukturu ehtiva edən iqtisadi sərmayə istiqamətində də inkişaf etdiriləcək:

"2025-ci ilin ilk 11 ayında ABŞ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 1 milyard 365 milyon dollar olub. Həmin müddətdə Azərbaycan Birləşmiş Ştatlara 54 milyon 491 min dollarlıq qeyri neft-qaz məhsulları ixrac edib. Strateji əməkdaşlığın güclənməsinin Azərbaycanın ABŞ ilə qeyri neft-ixrac dövriyyəsinin daha da artmasına gətirib çıxaracağı gözlənilir. 16 ölkəyə təbii qaz nəql edən Azərbaycan ABŞ-nin Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin güclənməsinə xüsusi töhfə verir. ABŞ ilə strateji əməkdaşlıq qeyri-neft sektoruna daha çox texnologiya və innovasiyaların cəlb edilməsinə imkan yaradacaq. Bu, Azərbaycanda iqtisadi diversifikasiya ilə bağlı hədəflərin reallaşmasına dəstək olacaq. Bu kontekstdə ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ABŞ texnologiyasının və sərmayəsinin ölkəmizə gəlməsi, ABŞ-ın iqtisadi fəallığı deməkdir".

Deputat Ceyhun Məmmədov qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, bu səfər təkcə diplomatik görüş deyil, həm də Azərbaycan-ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından əlamətdar hadisədir.

"Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi postmüharibə dövründə yeni reallıqların formalaşmasında mühüm rol oynayır. ABŞ tərəfinin bu səfəri həmin reallıqların tanınması və Cənubi Qafqazda sülhün bərqərar olmasına verilən siyasi dəstəyin göstəricisidir. Xüsusilə, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi-siyasi əsaslarını daha da gücləndirir. Bu sənəd qarşılıqlı maraqlara, suverenliyə, hörmətə və qlobal sabitliyə xidmət edən dəyərlər üzərində qurulub.

Bu gün münasibətlərimiz enerji, təhlükəsizlik, iqtisadiyyat, innovasiya və humanitar sahələrdə yeni bir dövrə qədəm qoyur. Azərbaycan həm regionun enerji təhlükəsizliyinin təminatçısı, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir. İnanıram ki, bu səfər və imzalanan sənədlər Azərbaycan-ABŞ əməkdaşlığını daha da dərinləşdirəcək, xalqlarımız arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin yeni mərhələsinə yol açacaq".