Adil Əliyev: “Ağdam Qarabağ və Şərqi Zəngəzurun əsas sənaye mərkəzi olacaq”

Prezident İlham Əliyev 2022-ci ildə işğaldan azad edilmiş ərazilərimizə növbəti səfərini 13 fevralda Ağdama etdi. Səfər zamanı Ağdamın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlərin təməl qoyma və açılış mərasimlərində iştirak etdi. Əlbəttə ki, həmin məqsədə nail olmaq üçün enerji və yol-nəqliyyat infrastrukturunun qurulması fundamental şərtdir.

Səfər çərçivəsində Prezident İlham Əliyev Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını etdi. Bu mərkəz vasitəsilə Qarabağ və Şərqi Zəngəzurun bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Prezident İlham Əliyev yeni inşa edilmiş Ağdam-1 və Ağdam-2 yarımstansiyalarını da işə saldı. Həmin yarımstansiyalar Ağdam rayonunu elektrik enerjisi ilə tam təmin etməyə imkan verəcək. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzinin binası, digər texniki qurğu və tikililərdən əlavə mərkəzin ətrafında 2.5 hektarlıq yaşıllıq zolağı və meyvə bağı salınıb və suvarma sistemi yaradılıb. İnzibati binalar və texniki tikililərlə yanaşı, yaşıllıqların salınması Ağdamın dirçəlişinin ilkin cücərtiləridir.

Dirçəliş və yenidənqurma üçün yol-nəqliyyat infrastrukturunun yaradılması prioritet istiqamətdir. Hazırda Ağdama dəmiryolu xətti çəkilir, avtomobil yolları inşa edilir. Eləcə də, Ağdamı Fizuli aeroportu ilə birləşdirən avtomobil yolu tikilir. Yəni Ağdama gediş-gəliş qatarla, avtomobillə və Fizuli aeroportu vasitəsilə demək olar ki, təyyarə ilə mümkün olacaq.

Prezidentin səfəri zamanı bir sıra sosial obyektlərin, o cümlədən 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının təməli qoyuldu. Hazırda minə yaxın şagirdin təhsil ala biləcəyi 1 nömrəli orta məktəbin inşası davam edir. Prezident İlham Əliyev 209 mənzillik yaşayış kompleksinin təməlini qoydu. Həmin sosial obyektlərin inşası, xüsusən də yaşayış kompleksinin təməlinin qoyulması olduqca əlamətdar və strateji xarakter daşıyır. Çünki həmin mənzillər Ağdam sakinlərinin tezliklə doğma yurdlarına qayıdacağından xəbər verir.

Keçmiş məcburi köçkünlərin Ağdama qayıtması və orada yenidən məskunlaşması üçün iş yerlərinin olması vacibdir. Bu məsələ də dövlətimizin diqqət mərkəzindədir. Birincisi, qeyd edilməlidir ki, adıçəkilən obyektlərin inşası, infrastruktur və sosial obyektlərin yaradılması, öz-özlüyündə müəyyən iş yerlərinin açılması deməkdir. İkincisi və daha önəmlisi isə Ağdamın aparıcı sənaye şəhərinə çevrilməsi məqsədidir. Artıq Ağdam Sənaye Parkı yaradılıb və prezidentin səfəri zaman parkda qurulacaq ilk müəssisələrin təməl daşı qoyuldu. Bundan əlavə, Park Forest Otel Ağdam mehmanxanasının təməlı də qoyuldu. Belə bir otelin inşası Ağdamda işgüzar turizmin inkişafı üçün dəyərli töhfə olacaq.

Ağdamda tarixi və mədəni-mənəvi abidələrimizin bərpasına xüsusi diqqət yetirilir. Hazırda Ağdam Cümə məscidində bərpa işləri gedir. Qarabağ xanlarının türbələri və yaşayış evindən ibarət İmarət kompleksində də bərpa işlərinin görülməsi nəzərdə tutulur. Sosial obyektlər, yaşayış kompleksləri, iş yerləri insanları maddi və məişət şəraiti baxımdan əraziyə kökləyirsə, tarixi, dini və mədəni abidələr onları mənəvi baxımdan bağlayır. Eləcə də Cümə məscidi, İmarət kompleksi kimi tarixi, mədəni və dini abidələrimiz Ağdamla keçmiş məcburi köşkün olan sakinlər arasında mənəvi bağlantı rolunda çıxış edir. Bu, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühümdür. 30 ilə yaxın işğal dövründə Azərbaycanda nəsil dəyişikliyi baş vermiş və yeni nəsil yetişmişdir. Yaşlı nəsil üçün həmin abidələrin tariximizin və mədəniyyətimizin bir parçası olması bəlli faktdır. Gənc nəsil üçün isə Vətən müharibəsinədək işğal altında qalmış tarixi və mədəni abidlərimiz müəyyən mənada yeni bir səhifədir və onların gənc nəsillə də işğaldan azad edilmiş ərazilərimiz arasında mənəvi bağlantı rolunu oynaması mühümdür. Həmin abidələrin bərpa olunmasına Heydər Əliyev Fondu böyük töhfə verir. Mahiyyət etibarilə Heydər Əliyev Fondunun verdiyi bu töhfələr gənc nəsillə işğaldan azad edilmiş torpaqlarımız, o cümlədən Ağdam arasında mənəvi bağların qorunması amalına xidmətdir.

Beləliklə, Ağdamın reinteqrasiyası və yenidən öz doğma sakinləri ilə məskunlaşması istiqamətində iqtisadi, sosial, infrastruktur və mədəni-mənəvi sahələri əhatə edən hərtərəfli, mütəşəkkil fəaliyyət aparılır. Dövlət tərəfindən belə əlverişli şəraitin yaradılmasının məntiqi davamı kimi iş adamlarının Prezident İlham Əliyevin çağırışına cavab olaraq Ağdama sərmayələr yatırması və müəssisələr açması onun Qarabağın və Şərqi Zəngəzurun əsas sənaye mərkəzinə çevrilməsində mühüm rol oynayacaq.