Ağacların kodlaşdırılmasında Nərimanov bələdiyyəsinin təcrübəsi

Gəncə şəhərində ekoloji tarazlığın qorunması yönündə addımlar atılır. Bu kimi addımlardan biri də qurumuş və qəzalı və ətraf mühitə mənfi təsir edən ağacların nişanlanmasıdır. Belə bir addım atılmasında məqsəd yaşıllıq sahələrinin sağlamlaşdırılması, estetik görünüşün yaxşılaşdırılmasıdır. Eyni zamanda, Gəncəni yaşıllıqlarla zəngin məkana çevirmək, həmçinin yaşıllıqlara qanunsuz müdaxilələrin və sui-istifadə hallarının qarşısını almaq, yaşıllıqları mühafizə etməkdir​.

Qeyd edək ki, Azərbaycanda ağacların qeydiyyata alınması və ağacların kodlaşdırılması işinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Bakının Nərimanov rayonunda həyata keçirilən işlərdə Nərimanov bələdiyyəsi daha yaxından iştirak edib. Belə bir mötəbər layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların dürüstləşdirilməsi, reyestrin formalaşdırılması və aparılması, ictimai nəzarətin gücləndirilməsindən ibarətdir.

Ümumilikdə onu bildirək ki, ağacların qeydiyyatı ilə bağlı həyata keçirilən işlər Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi olaraq həyata keçirilir. Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib.

Hələ 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında layihə üzrə ilk ağacların qeydiyyatı aparılıb və ağaclar kodlaşdırılıb. Onu da bildirək ki, Ağacların qeydiyyatı üçün xüsusi tətbiqdən istifadə edilir ki, həmin tətbiqlə çəkilən şəklin üzərinə ərazinin GPS koordinatları, saat və tarixi, həmçinin digər zəruri identifikasiyaedici məlumatları avtomatik olaraq əlavə olunur. Ağacların növü, ölçüləri, yaşı, vəziyyəti və s. məlumatlar yaşıllıqların uçot vərəqəsinə qeyd olunaraq mərkəzləşdirilmiş vahid sistemə daxil edilir.

Nömrələnmə ağaclara tam zərərsiz olan üsulla aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Qeydiyyata alınmış yaşıllıqlar haqqında məlumatların daxil edilməsi və ictimaiyyətə təqdim olunması üçün xüsusi veb-sayt yaradılır. Həmin veb-saytda ağaclar xəritə üzərində nümayiş etdiriləcək, onların hər birinin şəkli və bütün məlumatları əks olunur.

Məlum olduğu kimi, ağaclar iqlim dəyişikliyinə əks-təsir göstərir, biomüxtəlifliyin qorunmasına şərait yaradır, bizə təmiz hava verir və həyatımızı təmin edir. Hesablamalara görə, hər il insanlar tərəfindən kənd təsərrüfatı və digər məqsədlər üçün təxminən 15 milyard ağac kəsilir. Təəssüf ki, ölkəmizdə də yaşıllıqların qanunsuz məhv edilməsi halları baş verir ki, problemin tam və birdəfəlik həlli üçün ardıcıl və daha ciddi mühafizə və nəzarət tədbirlərinin keçirilməsi zəruridir.

Qeyd edilməlidir ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə səyləri ilə ölkədə yaşıllıqların qorunması istiqamətində ardıcıl tədbirlər, o cümlədən ağacların qanunsuz kəsilməsi və məhv edilməsinin qarşısını almaq məqsədilə “Ağacların kəsilməsinə yox!” proqramı, yaşıllıqların bərpası və genişləndirilməsi istiqamətində “Yaşıl Marafon”, “Yanğından Yaşıllığa” və digər layihələr həyata keçirilir.

Onu da bildirək ki, layihə çərçivəsində artıq “Şəhər yaşıllıqlarının reyestri” informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.

Ədil Ədilzadə