Ağsu aşırımında yol buz bağladı, avtomobillərin hərəkəti çətinləşdi

Ölkə ərazisində havanın qeyri-sabit keçməsi avtomobil yollarında bəzi çətinliklər yaradıb.

Sabahinfo.az-ın məlumatına görə, Bakı-Şamaxı yolunun bəzi hissələrində buzlaşma müşahidə edilib. Yolun Ağsu dolayları və Muğanlı-İsmayıllı ərazilərində yollarda buz qatları əmələ gəlib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, ölkə ərazisində baş verən qeyri-sabit hava şəraiti avtomobil yollarına da təsirini göstərib: "Dağlıq və dağətəyi ərazilərdə qarın yağması davam edir. Bununla əlaqədar avtomobil yollarında qısamüddətli problem yarana bilər. Hər hansı problem yaranarkən çalışırıq ki, bu problem aradan qaldırılsın. Hazırda Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolları və dağlıq ərazilərdən keçən digər yollara qarın yağması davam edir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini qış şinləri ilə idarə etsinlər. Əks halda onların hərəkətinə müəyyən çətinliklər yaranacaq".