Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK tərəfindən övladları himayəyə götürülmüş şəhidlərimizin ailə üzvləri və qazilərlə görüşüb.
İştirakçıları salamlayan Səttar Möhbalıyev onları qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.
AHİK sədri görüşdə 44 günlük Vətən müharibəsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik keyfiyyətlərindən və diplomatik bacarığından, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb.
Bildirib ki, bu il yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda antiterror tədbirləri həyata keçirərək separatizmin kökünü birdəfəlik kəsdi və bununla da ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyi tam təmin olundu. Artıq üçrəngli müqəddəs Bayrağımız Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavəndə dalğalanır.
Səttar Möhbalıyev həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə olan diqqət və qayğıdan söz açıb. Vurğulayıb ki, illər keçsə də, Azərbaycan dövləti və xalqı şəhidlərini heç vaxt unutmayacaq, əziz xatirələrini dərin ehtiramla yad edəcək.
Şəhid ailələrinin üzvləri və qazilər həm dövlətimiz, həm də xalqımız tərəfindən onlara olan ali münasibətdən və yüksək qayğıdan razılıqlarını ifadə ediblər. Qeyd olunub ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onlara xüsusi diqqət göstərir və hərtərəfli dəstək olur.
Sonda AHİK tərəfindən iştirakçılara pul vəsaiti və bayram sovqatları verilib. Eləcə də şəhid və qazi övladlarına bayram şənliklərində iştirak etmək üçün biletlər paylanılıb, hədiyyələr təqdim olunub.
Qeyd edək ki, görüşdə 70-ə yaxın şəhid ailəsinin üzvü və qazi iştirak edib.