"ATƏT-in Minsk qrupunun regiona növbəti səfəri heç nəyi dəyişmədi”. Bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı həmsədrlərin regiona növbəti səfərini şərh edərkən deyib. A. Nağı deyib ki, həmsədrlər növbəti səfərləri zamanı heç bir prinsipial mövqe ortaya qoymayıblar: "ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərləri zamanı Bakıda və İrəvanda oldular. Həmçinin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edərək, Xankəndinə də getdilər. Orada isə qondarma qurumun "rəhbəri” Bako Saakyanla görüşdülər. Onun mətbuat xidməti qəşəng şəkildə təbliğ etdi ki, Dağlıq Qarabağın "prezidenti” həmsədrləri qəbul edib. Bako Saakyan Azərbaycana qarşı ittihamlar səsləndirdi ki, guya təmas xəttində atəşkəsi Azərbaycan pozur. İrəvanda isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ağzına gələni danışdı. Həmsədrlərdən soruşdular ki, nəyə gəlmisiniz? Cavab verdilər ki, elə belə söhbət etməyə gəlmişik. Yəni özlərindən asılı olmayaraq, mənasız səfərlərinə özləri qiymət verdilər. Bu səfərə həmsədrlər heç bir təklifləri olmadan gəlmişdilər”.
QAT sədri vurğulayıb ki, ATƏT-in Minsk qrupu tamamilə özünü bitirmiş qurumdur: "Ona görə də gah onların tərkibinin beşliyə çevrilməsi, gah buraxılması kimi müxtəlif təkliflər irəli sürülür. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq 1994-ci ildən bəri deyirik ki, ATƏT-in Minsk qrupu Azərbaycan torpaqlarının işğal altında qalmasına xidmət edir. Bu qurumun başqa bir missiyası yoxdur”.