Ana dilimiz - milli sərvətimiz

Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.

Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar. Arazın o tayında milyonlarla doğma qardaşımızın bu dildə danışmaq və düşünmək imkanının o qədər də çox olmadığını xatırlayanda Ana dilinin nə qədər doğma və müqəddəs olduğunu, nə qədər böyük dəyər kəsb etdiyini hiss etmək heç də çətin deyil. Tarix boyu torpaqlarımızın itirilməsi, təbii sərvətlərimizin talan olunması, tarixi – mənəvi dəyərlərimizin aşındırılması və unutdurulması ilə bərabər doğma dilimiz də zaman-zaman diskriminasiyaya məruz qalıb. Çox da uzaq olmayan tariximizdə 200 ilə yaxın bir müddətdə torpaqlarımızda aparılmış aqressiv ruslaşdırma siyasətinin acı xatirələri hələ də unudulmayıb və unudulmamalıdır. Təkcə XX əsrin 1-ci yarısında iki dəfə əlifbamızın dəyişdirilməsi məqsədli şəkildə milli, mədəni, intelektual inkişafın qarşısına çəkilən səddlər deyildimi?! Və ya 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilmiş 1-ci Türkoloji qurultayın demək olar ki, bütün iştirakçılarının az sonra repressiyaya məruz qalması Ana dilimizə qarşı törədilmiş ən böyük terror deyildimi?!

Bu dilin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi uğrunda zaman-zaman milli ruhlu vətənpərvər və maarifpərvər babalarımızın müxtəlif rejimlərin repressiya dalğalarında şəhid olduğunu xatırlayanda Ana Dili gününün ayrıca qeyd olunmasının zəruri olduğuna heç bir şübhə qalmır. Ana dilimizi sevmək, qorumaq, inkişaf etdirmək o qəhrəman babalarımızın ruhuna hörmətimizin və əməllərinə sədaqətimizin rəmzidir.

Ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir. Yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz tarixin müxtəlif dönəmlərində ən ağır təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlamaqla bərabər həm də böyük inkişaf yolu keçib.

İstənilən dilin varlığını, yaşamasını təmin edən ən böyük amil əlbəttə, o dilin daşıyıcısı olan xalqdır. Yer üzündə mövcud olan hər bir xalq ilk növbədə özünə məxsus milli dili ilə digər toplumlardan fərqlənir və öz identikliyini tapır. Hər bir millət və xalq öz dilində danışdıqları və yaratdıqları ilə digərləri tərəfindən tanınır və dəyərləndirilir. Dilin dövlət dili statusuna yüksəlməsi isə milli müstəqillik ideyalarının gerçəkliyə qovuşması ilə baş verə bilən siyasi hadisədir. Şah İsmayıl Xətayidən bu günə qədər Ana dilimizin keşməkeşli tarixi onu göstərir ki, hər bir cəmiyyətdə dilin inkişafı milli müstəqillik ideyalarına sadiq liderlərin siyasi iradəsi və qətiyyəti ilə sıx bağlıdır.

Səfəvilər hakimiyyətindən sonra yalnız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olmasına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İman Mustafayev dərhal öz vəzifəsindən uzaqlaşdırılmışdı.

1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində müstəsna xidmətlər göstərdi. 1978-ci il aprelin 2-də keçirilən doqquzuncu çağırış Ali Sovetin yeddinci sessiyası Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyadakı tarixi çıxışı Konstitusiyanın 73-cü maddəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir zamanda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq əlbəttə böyük cəsarət və iradə tələb edirdi. O zamanlarda belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcyini yaxşı bildiyinə baxmayaraq Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq, Heydər Əliyevin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qəbul edilmiş qərarın icrası illərlə uzanırdı. Nəhayət, Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, keçid prosesi başa çatdırıldı və Fərmana uyğun olaraq 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə və müəssisələr, təşkilatlar, Azərbaycan dilində olan nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılır və ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün milli maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da müasir mədəniyyət tipinə uyğun yeni əlifbaya olan ehtiyacı gündəmə gətirmişdi. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslər o zaman üçün mövcud əlifbanın daha münasibi ilə əvəz olunması zərurətini yaratmışdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əlifbasına keçid prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə uyğun olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının tətbiq edilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril əlifbası ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası əsasında Azərbaycan elminin və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Bununla belə, kiril əlifbasının dilimizin səs quruluşuna uyğunlaşdırılması üçün edilən bütün cəhdlər uğursuz oldu və kiril əlifbası əsasında Azərbycan dilinin tam optimal ifadə variantının əldə edilməsi mümkün olmadı. Bu vəziyyət elə o zaman kiril əlifbasının nə vaxtsa dəyişdiriləcəyi ehtimalını yaradırdı.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış yeni tarixi-siyasi şərait bizim də dünya xalqlarının ümumi yazı sisteminə qoşulmağımız üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Məhz elə 1 avqust tarixi ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” olaraq təsbit edildi.

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri misilsiz olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, eləcə də həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr müəyyən edilib. Tariximizin ən çətin dönəmlərində ölkəmizə rəhbərlik etmiş Heydər Əliyevin Ana dilimizlə bağlı apardığı siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdı və bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırdı. Bundan başqa, elə həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlar imzalanıb. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib.

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, qloballaşma şəraitində dilimizin zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi güdür. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq.

Cavanşir Feyziyev