Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) həm Azərbaycan, həm də region üçün mühüm geosiyasi əhəmiyyətə malikdir. Mövcud qlobal geosiyasi problemlər fonunda bu dəhliz təhlükəsizlik və etibarlılıq baxımından, xüsusilə ön plana çıxır. Qlobal ticarət yollarındakı qeyri-sabitlik Orta Dəhlizi Avropa ilə Asiyanı birləşdirən ən etibarlı və təhlükəsiz marşrutlardan biri kimi aktuallaşdırır. Eyni zamanda, bu dəhliz alternativ marşrutlara olan ehtiyacı da qismən qarşılayır. Ənənəvi marşrutlarda yaranan fasilələr və ticarət prosesindəki ləngimələr dünya bazarlarında Orta Dəhlizin potensialına olan tələbatı daha da artırır.
Sabahinfo.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.
O bildirib ki, bu dəhliz Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün bu gün Şərq, Qərb, Şimal və Cənub arasında mühüm birləşdirici körpü rolunu oynayır. Zəngəzur dəhlizi (TRIPP) də bu marşrutun strateji tərkib hissəsi kimi qiymətləndirilir və onun reallaşdırılması ümumi nəqliyyat imkanlarını daha da genişləndirəcək.
Deputat qeyd edib ki, Azərbaycan öz ərazisindən keçən infrastruktur baxımından artıq yüksək hazırlıq səviyyəsinə malikdir: “Ölkədə beynəlxalq ticarət limanı, müasir dəmir yolu xətləri və hava limanları demək olar ki, tam hazır vəziyyətdədir. Bu isə yükdaşımaların artmasına ciddi töhfə verir. 2022-ci ildən etibarən Orta Dəhliz üzrə Azərbaycan ərazisindən keçən yük daşımalarının həcmi təxminən 90 faiz artıb. Bu artım Azərbaycanın Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz tranzit ölkə kimi rolunu daha da gücləndirir”.
N.Aslanovun sözlərinə görə, bu marşrutun tam istismara verilməsi yalnız iqtisadi potensialın artmasına deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək. Hesablamalara görə, 2030-cu ilə qədər dəhlizin yükdaşıma qabiliyyətinin 3 dəfə artacağı, daşınma müddətinin isə 2 dəfə azalacağı gözlənilir. Eyni zamanda, bu dəhlizin keçdiyi ölkələr arasında koordinasiyalı əməkdaşlıq güclənəcək, iqtisadiyyatlar daha da inkişaf edəcək və qarşılıqlı əlaqələr dərinləşəcək. Azərbaycandan keçən Orta Dəhliz ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir və ildən-ilə bu əhəmiyyət daha da artır.