Mayın 7-də Ankaranın Qazi Universitetində təşkil olunmuş beynəlxalq simpoziumun iştirakçıları Qərbi Azərbaycanda yerli əhalinin öz evlərinə qaytarılması, onların hüquqlarının təmin olunması və deportasiya olunmuş azərbaycanlılara təzminat ödənilməsi yolu ilə tarixi ədalətin bərpasına çağırıblar.
AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycanda məcburi miqrasiya” mövzusunda keçirilən simpoziumun təşkilatçıları qismində Qazi Universiteti nəzdində Türk Dünyası Tədqiqatlar və Tətbiqi Təşəbbüslər Mərkəzi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Mədəniyyətlərarası Əlaqələr Assosiasiyası çıxış ediblər.
Tədbirin yekunlarına dair açıqlanan bəyanatda XX əsrin faciəli hadisələrinə, o cümlədən müasir Ermənistan ərazisində azərbaycanlıların tarixi torpaqlarından deportasiyası dalğalarına diqqət çəkilir.
Sənəddə qeyd olunur ki, Cənubi Qafqaz ərazisində Ermənistan dövlətinin yaradılması prosesi çar Rusiyasının işğalı ilə başlayıb. Bəyanatda vurğulanır: “Ermənilər Rusiyanın dəstəyi ilə dövlət qurublar, Qərbi Azərbaycanın etnik xəritəsinin dəyişdirilməsi məqsədi ilə isə Cənubi Qafqaza Osmanlı imperiyası və İrandan minlərlə etnik erməni gətirilib. Artıq XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda müsəlmanların kütləvi qırğınları törədilib və əhaliyə divan tutulub”.
Sənəddə Sovet İttifaqı dövründə də Qərbi Azərbaycandan yerli əhalinin zorla qovulması istiqamətində atılan sistemli addımlara diqqət yetirilir. “1948-1953-cü və 1988-1991-ci illərdə azərbaycanlıların deportasiyasının iki dalğası olub. Yüz minlərlə insan öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Ermənilər türklərsiz monoetnik dövlət yarada biliblər”, - deyə bəyanatda qeyd olunur.
Tədbir iştirakçıları arasında Qazi Universitetinin rektoru Musa Yıldız, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, Türkiyə-Azərbaycan İctimai Birliyinin sədri, Parlamentlərarası dostluq qrupunun İstanbuldan olan deputatı Şamil Ayrım, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və başqaları olublar.