“Yaşadığımız müasir dünyada beynəlxalq hüququn işləmədiyi getdikcə daha aşkar formada özünü büruzə verməkdədir. Planetin müxtəlif guşələrində mütəmadi olaraq yaranan münaqişələrdə məhz güc amilinin həlledici faktor kimi çıxış etməsi də yüksək döyüş qabiliyyətinə malik ordunun hər bir müstəqil ölkə üçün onun suverenliyinin yeganə qarantı olduğunu deməyə tam əsas verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ordu quruculuğu işi şəxsən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prioritet elan etdiyi və hər zaman xüsusi diqqət mərkəzində saxladığı ən vacib sahələrdən biridir. Buna görə də Azərbaycan bu gün strateji tərəfdaşlıq etdiyi dost ölkələrlə əməkdaşlıq əlaqələrində müdafiə və müdafiə sənayesi kimi sahələrə xüsusi önəm verir.”
Bu sözləri Silahlı Qüvvələr Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Deputat bildirib ki, bu gün ölkəmizdə uğurla davam etdirilən ordu quruculuğu işindən danışarkən, ilk növbədə milli silahlı qüvvələrin formalaşmasının ən əhəmiyyətli dövrünün məhz Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərə aid olduğunu vurğulamaq lazımdır: “1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirəndən sonra respublikamızda AXC dövründə dövlət quruculuğu istiqamətində ilk addımların atıldığı bütün sahələrdə tam durğunluq yarandı. Əlbəttə ki, həmin illərdə Azərbaycanda ordu quruculuğundan da heç bir söhbət gedə bilməzdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti və böyük zəhməti ilə hərbi məktəbin açılmasına nail oldu. Yenə də məhz Ümummilli Liderimizin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir.”
Fikirlərini davam etdirən A.Naxçıvanlı bunu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü ən möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir: “Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Ordusu qısa zaman ərzində böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi. Bir məqamı da qeyd etmək lazımdır ki, Ümummilli Lider ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması istiqamətində atılmış addımları kifayət qədər yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, 1918-ci ildə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı tarixi gün – 26 iyun, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu”.
Deputat daha sonra ordu quruculuğu ilə bağlı ölkədə bu gün gedən proseslərdən bəhs edib: “Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Əldə olunmuş bu tarixi Qələbə birmənalı olaraq 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildi. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amili və bu əsasda həyata keçirilən qüdrətli ordu quruculuğu işidir” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.