Artıq pandemiyanın tədricən sönməsinin proqnozunu verə bilərik

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli

- Müşfiq müəllim, iki ildən artıqdır ki, günümüzün əsas müzakirə mövzularından biri koronavirus infeksiyası ilə mübarizədir. Hazırda yoluxma sayının artması yenidən həyəcan təbilinin çalınmasına səbəb olur. Ölkədə hazırkı vəziyyət necədir?

- Vəziyyəti qiymətləndirməyə müxtəlif bucaqlardan yanaşsaq daha yaxşı olar. Əgər rəqəm olaraq statistik sayı götürsək pandemiyanın davam etdiyi bu iki illik dövrdə yoluxma sayında kifayət qədər artımı müşahidə edirik. Amma prosesin idarə olunmasına və epidemioloji vəziyyətin ümumi mənzərəsinə diqqət yetirsək vəziyyətin kifayət qədər ürəkaçan olduğunu, risk faktorlarının xeyli azaldığını deyə bilərik. Bu risk faktorları nədən ibarətdir? Yoluxmuş insanlara zamanında tibbi yardımların göstərilməsidir. Bu zaman həm yaradılmış infrastrukturun, həm də pandemiyada kritik vəziyyətin idarə olunması üçün səhiyyə ilə yanaşı, administrativ strukturların adekvat reaksiyasının şahidi oluruq. Artıq bu mübarizə prinsiplərinə alışmışıq. Və üstəgəl səhiyyəyə qoyulmuş investisiyalar, cənab Prezidentin bu sahədə atdığı qabaqlayıcı addımlar baxımından proseslər tam nəzarət altındadır. Buna görə də əminliklə söyləyə bilərik ki, yoluxmaların sayının artması səhiyyə sisteminin üzərinə düşən yükün hiss olunmasına gətirib çıxarmamışdır. Yəni, səhiyyə sistemi bu prosesin öhdəsindən gəlir. Təbii ki, biz digər ölkələrin praktikasına diqqət yetirsək, yoluxmaların sayı artdıqda səhiyyə sisteminin yükləndiyini görürük. Hazırda ölkəmizdə yoluxmaların sayının artmasına baxmayaraq vəziyyəti qənaətbəxş hesab etmək olar.

- Bu "Omicron" ştammına aid deyilmi? Bundan əvvəl yoluxmuş xəstələrin vəziyyətində ağırlaşmalar olurdu…

- Ümumiyyətlə, DNT tərkibli virusların mutasiya etmə qabiliyyəti vardır. Hətta bu mutasiyalar aylarla yox, günlərlə gedir. Bəzən elə olar ki, biz o mutasiyaların sürətini tuta bilmərik. Dünya elmi ictimaiyyətinin də fikri ondan ibarət idi ki, bizim üçün iki təhlükə var idi: Bu mutasiyalar virusun xəstəliyi törətməsi və xəstəliyin ağırlaşması istiqamətində gedərsə, o zaman bəşəriyyəti təhlükə gözləyir. Yox, əgər virusun mutasiyaları daha çox yoluxma sürətinin artması istiqamətində gedərsə, bu müsbət proqnoz sayılır. Şükürlər olsun ki, ölkəmizdə mutasiyalar yoluxma sayının artması istiqamətində getdi. Ona görə də xəstəlik daha yüngül əlamətlərlə, daha qısa müddətli, amma təəssüf ki, xeyli sayda yoluxmalarla müşahidə olunur. “Omicron” ştammında da bunu müşahidə edirik. Bunun bir tərəfdən müsbət cəhəti ondan ibarətdir ki, artıq pandemiyanın tədricən sönməsinin proqnozunu verə bilərik. Amma bu müddətdə yoluxmaların sayının artmasının səhiyyə sisteminə yük gətirməməsi üçün həm həkimlər, həm də idarəedici təşkilatlar tərəfindən məsləhətlər verilir. Hər birimiz yoluxmaların azalması və digər insanları yoluxdurmamaq üçün qoruyucu vasitələrdən istifadə etməliyik. Amma ən mühümü, vacibi vaksinasiyadır. Vaksinasiya önəmlidir. Vaksinasiyadan daha önəmlisi sürətli vaksinasiyadır. Üçüncü doza vaksinasiyanı 70-80 faiz həddə çatdırmalıyıq ki, hətta yoluxsaq belə təhlükəsi olmasın və pandemiyanın tədricən sönməsinin şahidi olaq.

- Müşfiq müəllim, qorunma nə qədər effektlidir? “Omicron” bir neçə dəqiqəyə yoluxur. Əgər virus havada varsa, bilmədən virusa yoluxmuş xəstə ilə təmasda oluruqsa, qorunmanın effekti nə dərəcədədir?

- Qorunma yüzdə yüz effektiv deyildi. Qorunmada məqsəd ondan ibarətdir ki, biz maksimal dərəcədə nə qədər bacarırıqsa yoluxmayaq, yaxud yoluxmuşuqsa başqa insanları yoluxdurmayaq və bu yoluxmanı bacardığımız qədər gecikdirək. Təsəvvür edin ki, bir gündə məsələn, qonşu Gürcüstanda 26 min yoluxmanın şahidi olduq.  Bir gündə 26 min insanın yoluxması, o insanlara tibbi xidmətin göstərilməsi fonunda səhiyyənin yükünü təsəvvür edin. Yoluxmalar vaksinasiya olunmuş insanların hesabına gedəndə artıq o təhlükəni daha da neytrallaşdırırıq. Vaksinasiya olunmuş insanlarda yoluxma olmur, olduğu təqdirdə çox yüngül əlamətlərlə müşaiyət olunur.

 - Burada risk qrupu hansıdır?

- Biz ağırlaşma baxımından risk qrupu deyə bilərik. “Omicron” yoluxmada risk qrupu fikri bir qədər yanlışdır. Çünki hər kəs yoluxa bilir. Vaksinasiya olunanları nəzərə almasaq, vaksinasiya olunmayanların, yaxud üçüncü dozanı almayanların yoluxma ehtimalı artır. Burada yoluxma baxımından risk qrupu barədə fikir yürütmək istəmirəm. Amma ağırlaşma baxımından risk qrupu şəkərli diabet, qan xəstəliyi olanlar, hamiləliyi ağır keçirənlər və immunitet sistemi aşağı olan, genetik xəstəlikləri keçirənlərdir.

- Müşfiq müəllim, yoluxmaların sayı bir qədər də artsa qapanmaya gedə bilərikmi? Mütəxəssis kimi nə düşünürsünüz?

- Bir tibb işçisi, qanunverici orqanın nümayəndəsi kimi şəxsi fikrimi söyləyirəm. Fikrim ondan ibarətdir ki, biz prosesi idarəetmənin bütün əksər mexanizmlərini tətbiq etmişik. Azərbaycanın da uğuru gözlə görünür. Həm ölkə, həm də dünya ictimaiyyəti yüksək qiymətləndirir. Prosesi qapanmalarla deyil, lokal tədbirlərlə və xəstəliklə yanaşı yaşayaraq mübarizə aparmaq metodlarını tətbiq etməklə idarə etsək daha böyük uğura nail ola bilərik. Çünki bizdə vaksinasiyanın faiz nisbəti kifayət qədər yüksəkdir. İmmunitet qazanmış insanların sayına nəzər yetirsək, prosesi qapanmalarla deyil, müəyyən məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə idarə etmək lazımdır. Qapanmalar həm insanlarda müəyən narahatlıqlar yarada bilir, həm də iqtisadiyyatımıza çox böyük yük gətirir. Səhiyyə sistemi artıq mübarizənin metodlarına yiyələnmişdir. Ölkəmiz bu sahədə kifayət qədər mübarizə aparmışdır. Digər ölkələrin də tətbiq etdiyi mexanizmlərə baxsaq görürük ki, bu mərhələdə xırda məhdudlaşdırıcı tədbirlərlə daha effektli nəticə əldə etmək olar. Yəni sərt şəkildə qapanmaların əleyhinəyəm.

- Koronavirus infeksiyasına qalib gəlmək üçün dünyada bir çox, hətta inkişaf etmiş ölkələr belə qərara gəldilər ki, daha yaxşı olardı ki, əhali kütləvi şəkildə yoluxsun və immunitet qazansın. Vaksinasiyaya o qədər də önəm verilmədi. Amma statistikaya diqqət yetirdikdə görürük ki, o ölkələrdə vaksinləşməyə üstünlük verən ölkələrə nisbətən ölüm halı daha çoxdur. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Mən bunu avtomobil idarəetmə ilə müqayisə edərdim. 100 km məsafəni qət etməliyik. Biz bu məsafəni 180-200 km/saat sürətlə qısa müddətdə, yaxud 1km/saat sürətlə qaydalara uyğun şəkildə qət edə bilərik. Birinci metodda qısa müddətdə mənzil başına çatırıq. Amma burdakı risk faktorları - qəza ehtimalını, avtomobilin sıradan çıxmasını və sairi göz önünə alırıq. Bir qədər zamanı uzadıb həmin məsafəni getdikdə həm təhlükəsizliyimizi, həm də rahat gedişi təmin edirik. Sosial dövlət modelinə uyğun şəkildə həm cənab Prezident tərəfindən bəyan edilmiş prinsiplər, həm də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü tədbirlər onu göstərir ki, Azərbaycan dövləti insanların sağlamlığı ilə hansısa qısamüddətli nəticələri əldə etmək üçün elə risklərə gedə bilməz. Ona görə də biz o metodu qəbul etmədik. Baxmayaraq ki, Skandinaviya ölkələri, hətta Böyük Britaniya ilk vaxtlar bu proses istiqamətində addımlar atdı. Azərbaycan hər zaman olduğu kimi, təmkinli, ölçülüb-biçilmiş yanaşmanın tərəfdarı oldu. Bu yanaşma, həm ölüm faizinin aşağı olması, həm də ölkəmizdə xəstəliklə əlaqədar qeyri-adi proseslərin baş verməməsi göstərdi ki, dövlət başçısı İlham Əliyevin seçdiyi bu strateji yol düzgün yoldur. Bu yolun da nəticəsində pandemiya dövründə torpaqlarımızı azad etdik. Səhiyyə sistemimizin yenidən qurulması, islahatlar bir an belə dayanmadı. Ölkəmizdə tədricən qorunma, əvvəlcə sərt karantin tədbirləri, səhiyyə sisteminin bu prosesə uyğunlaşdırılması, sonradan vaksinin tətbiqi həyata keçirildi. Əldə olunan uğurlar da göz önündədir.

- Müşfiq müəllim, hazırda vaideynləri narahat edən məsələ uşaqlar arasında hansı virusun yayılmasıdır. Bu, “Omicron”durmu? Uşaqların qorunması üçün hansı profilaktik tədbirlər görülməlidir? Yayılan virus nə dərəcədə təhlükəlidir?

- Koronavirusa yoluxma ilə yanaşı, paralel şəkildə mövsümi qrip xəstəliyi də vardır. Ümumiyyətlə, uşaqlarda gedən proses daha yüngül olur. “Omicron” ştammı da iki-üç gün ərzində gedən prosesdir. Sonradan təbii ki, qorunma önəmlidir. Hər bir insan yoluxa bilir. Valideynlər uşaqları qorumasalar təbii ki, aşağı tənəffüs yollarında ağırlaşma ilə nəticələnə bilər. Burada yanaşma vahiddir. Zamanında müdaxiləni etmək, uşaqları digər insanlardan təcrid etmək, lazım olan preparatların qəbulu ilə bu prosesin öhdəsindən gələ bilərik. Uşaqlarda ölüm faizi çox aşağıdır. Amma ölüm halları da vardır. Yəni “heç nə olmaz” deyib rahatlanmamalıyıq.  Bütün hallarda narahatlıq üçün ciddi əsas yoxdur.

- Hazırda ölkədəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Ölkədəki vəziyyətə yoluxma sayı baxımından baxsaq, bu say çoxdur. Səhiyyə sisteminin üzərinə düşdüyü yük baxımından baxsaq, səhiyyə sistemi bu yükün öhdəsindən gəlir. Prosesi idarə etmək üçün dövlətin gördüyü tədbirlərə baxsaq, həm dərman preparatları, həm vaksin, həm də xəstəxalarda çarpayı ehtiyatı var. Ümumi qiymətləndirməyə baxsaq, Azərbaycandakı proseslər qənaətbəxşdir. Reaksiyalar adekvatdır. Ciddi bir təhlükənin gözlənilməsi proqnozlaşdırılmır. Ancaq bütün bunlara baxmayaraq hər bir vətəndaş öz sağlamlığının qeydinə qalmalıdır. 

- Müşfiq müəllim, mövzu ilə bağlı aparılan araşdırmalar əsasında müxtəlif ölkələrin mütəxəssisləri belə bir iddia ilə çıxış edirlər ki, COVID-19 həyat tərzimizə çevrilməlidir. 6 aydan bir peyvənd olunmağın vacibliyi səsləndirilən fikirlər sırasındadır…

 - “Koronavirus artıq bizim həyat tərzimizə çevrilməlidir” fikrinə qismən qatılıram. Çünki virus itməyəcək, aramızdan yox olmayacaq. Və tədricən mutasiya keçirərək bizimlə yaşamağa uyğunlaşacaq. Son proqnoz budur. Prosesin gedişində “6 aydan bir vaksin olunmalıyıq” fikri isə mübahisə mövzusudur. Bir tibb işçisi kimi, şəxsi fikrimi deyirəm. Əgər yoluxmalar olmuşdursa, insanın immuniteti formalaşmışdırsa, peyvənd dozası ilə möhkəmləndirilmişdirsə, artıq digər vaksinasiyalara ehtiyacın olması mübahisə mövzusudur. Azərbaycan hansı metodu tətbiq etdi? Üçüncü dozanı almış şəxslərə müddətsiz vaksin setifikatı verilir. Bu elə sualın cavabıdır. Bu onu göstərir ki, üfiqdə pandemiyanın sönməsi ehtimalı daha yüksəkdir.

- Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə parallel olaraq ölkəmizdə islahatlar prosesi də davamlılığı ilə diqqət çəkir. Bu barədə fikirlərinizi bilmək istərdik…

- Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, sosial-iqtisadi islahatlar artıq Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir. Çünki Azərbaycan dövləti hər zaman vətəndaşının daha firavan, daha rahat yaşamasına çalışır. Təbii ki, müharibə amili, torpaqlarımızın işğal altında qalması bu proseslərdə bəzi addımların atılmasında narahatlıqlar yaradır, maneçiliklər törədirdi. Ancaq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ideyası ətrafında sıx birləşən xalqımız ölkə Prezidentinin “Dəmir yumruğu” ilə bu prosesi Qələbə ilə sona çatdırdı. Hazırda qarşımızda dayanan əsas vəzifə həm Qarabağın bərpası, həm də ölkənin digər bölgələrində yaşayan insanların maddi rifah halının yüksəldilməsidir. Cənab Prezident hər zaman qeyd edirdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olduqdan sonra qarşımızda dayanacaq elə bir ciddi problem olmayacaq. Ölkə Prezidenti, eyni zamanda, bildirirdi ki, sözümüz imzamız qədər önəmlidir. Azərbaycan bu reallığı təsdiqlədi. İslahatlar davamlılığı ilə ölkənin hərtərəfli inkişafını təmin edəcək. Kadr islahatları həyata keçirilir. Gənclərin bu prosesə cəlb olunması, xaricdə yaşayan azərbaycanlıların ölkənin quruculuğunda yaxından iştirakı diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisi reallığa çevrilərək öz müsbət nəticəsini verir. İslahatlar davamlıdır. Ölkəmizdə, həmçinin dayanıqlı siyasi sistemin qurulmasının şahidiyik.

- Müşfiq müəllim, işğaldan azad olunmuş ərazilərimiz Böyük Qayıdışa hazırlaşır. Bu, sizdə hansı hissləri yaradır?

- Valideynlərim işğaldan azad olunmuş bölgələrdəndir. Uşaqlıq, gənclik illərində o dilbər guşələrdə olmuşam. Xatirələr hər zaman düşüncələrimdədir. Özüm Sumqayıtda doğulub böyüsəm də daim həmin ərazilərimizlə əlaqələrim olmuşdur. Qaçqın və məcburi köçkünlərin çəkdikləri əziyyətlər də gözümün önündədir.

Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi braziliyalı Senator cənab Antonio Anastasia ilə işğaldan azad edilmiş ərazilərimizə səfər etdik. Ağdam rayonunda olduq. Ağdam rayonunda olan mənzərəni xarici qonağın sözü ilə ifadə etmək istəyirəm - Mən sanki ayın səthində gəzirəm.

İşğaldan əvvəlki Ağdamı indiki “ayın səthi” ilə müqayisə etdikdə ermənilərin nə qədər vəhşi millət olduqlarının şahidi oluruq. Bütün bunlar onu göstərir ki, o torpaqları qurmuş, yaratmış, o torpaqlarda bəşəriyyətə dahi şəxsiyyətlər bəxş etmiş Azərbaycan xalqının qarşısında bu çətinliklər heç nədir. Xalqımız Ali Baş Komandana güvənir, ölkə Prezidenti xalqla yekdildir, həmrəydir. Bu baxımdan azad edilmiş torpaqların, Qarabağın cənnətməkan şöhrətini özünə qaytaracağıq.  Bərpa-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan dövləti soydaşlarımızın Böyük Qayıdışını yüksək səviyyədə təmin etmək üçün zəruri olan bütün addımları atır.  Qələbəmizin yaratdığı qürur hər bir vətəndaşımızda hiss olunur. Bu anları bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, xalqımıza minnətdarıq. “Şuşa İli” çərçivəsində daha möhtəşəm işlər görüləcək. Böyük Qayıdış reallığa çevriləcək, o torpaqlara yeni nəfəs gələcək, malik olduqları iqtisadi potensial ölkəmizin hərtərəfli inkişafına yönəldiləcək. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan böyük investisiyalar məkanına çevriləcək.