Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.
Bu barədə Axar.az-a ASCO-dan məlumat verilib.
"İyulun 27-si axşam saatlarından Xəzər dəniz akvatoriyasında Şimal-Qərb küləyinin 19-24, arabir 28-33, açıq dənizdə 35 m/s kimi güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-4.0, sonrakı inkişafda 5.0-7.0 metrə çatacağı proqnozlaşdırılır.
Gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün.Gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.
Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər" - deyə xəbərdarlıqda qeyd olunub.