Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi Qərbdəki bəzi ermənipərəst qüvvələrin, xüsusilə də, Fransa və Almaniyanın ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyasının tərkib hissəsidir. Avropada irqçilik, türkofobiya və İslamofobiyanın genişləndiyi bir dönəmdə Azərbaycanla bağlı qərəzli qərarların qəbulu köhnə qitədəki böhranın sağalmaz bəlaya çevrildiyini göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev söyləyib.
“Belə bir məqamda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq barədə qərarı olduqca məntiqli və düzgün idi. Çünki AŞPA-nın Azərbaycanla bağlı apardığı müzakirələr və qəbul etdiyi qərarlar hüquqi deyil, siyasi xarakter daşıyırdı. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyini təmin etməsi və regionda söz sahibinə çevrilməsi bəzi Qərb dövlətlərini və beynəlxalq təşkilatları ciddi narahat edirdi. Ölkəmizin dünyada nüfuzunun artması, geosiyasi proseslərə təsir imkanlarının artması, xalqımızı irəliyə aparan qüvvələrin həmrəyliyi ermənipərəst qüvvələr tərəfindən həzm edilmirdi. Üstəlik, gələn ay keçiriləcək növbədənkənar prezident seçkilərinə müdaxilə etmək, ölkəmizdə siyasi sabitliyi pozmaq üçün müxtəlif planlar üzərində baş sındırdılar. Görəndə ki, xalq bu seçkilərdə hakim partiyanın namizədi ətrafında sıx birləşib, radikal müxalifət partiyalarının rəhbərlərinin nüfuzları çox aşağıdır çirkin yola əl atdılar. AŞPA və digər bu kimi beynəlxalq təşkilatlar düşünürlər ki, bu qərarları ilə Azərbaycanı təzyiq altında saxlaya biləcəklər. Amma bu, mümkün olan bir şey deyil. Heç bir ölkə, hansısa qurum Azərbaycanı şantaj edib, başqa tərzdə danışa, öz iradəsini zorla həyata keçirə bilməz. Çünki ölkəmizdə azad, möhkəm birlik nümayiş etdirən qalib xalq və güclü dövlət institutları vardır. AŞPA-nın hansı qərarlar qəbul etməsindən asılı olmayaraq Azərbaycan hüquqi və demokratik islahatları davam etdirəcək, özünün konstitusion quruluşunu möhkəmləndirəcək. Azərbaycanın Avropa Şurasında mövcudluğu daha çox öz əhatə dairəsini genişləndirmək istəyən Avropaya lazımdır. Azərbaycan Avropa Şurasında olmadan da düzgün hesab etdiyi mütərəqqi yolla inkişaf edəcək. Biz demokratik dəyərlərə, beynəlxalq hüququn normalarına sadiqik”, - deyə deputat vurğulayıb.
O qeyd edib ki, AŞPA-nın qərarı Azərbaycan-Ermənistan arasında sülhün əldə olunması istiqamətində aparılan danışıqlara heç də müsbət təsir göstərmir. “İndiki həssas məqamda AŞPA-nın Azərbaycanla bağlı qərəzli qərarlar qəbul etməsi regionda sülhün təmin olunması istiqamətində aparılan danışıqlar prosesini dalana dirəyir. Onlar verdikləri qərarı belə əsaslandırıblar ki, guya Azərbaycanda “siyasi məhbuslar var", Qarabağdakı ermənilər zorakılıqla çıxarılıb, ötən il həmməruzəçilərin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb və sair. Bütün bunlar ölkəmizə qarşı ədalətsiz qərar qəbul etmək üçün öncədən düşünülmüş bəhanədir. Ermənilərdən daha çox ermənipərəst olan avropalı siyasətçilər Azərbaycana qarşı olduqca qərəzli, ədalətsiz mövqedədirlər. Ölkəmizin güclənməsi onları ciddi narahat edir. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə Avropada həzm edilə bilmir. Azərbaycan 30 il ərzində ən müxtəlif platformalarda, o cümlədən AŞPA-da Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməsi üçün təkliflər verib. Amma hər dəfə müxtəlif bəhanələrlə Ermənistana qarşı tədbirlər görməkdən imtina ediblər. Qeyd olunub ki, Qarabağ münaqişəsinin həlli AŞPA-nın formatına uyğun deyil. Necə olur ki, indi Qarabağ ermənilərinin “hüquqları”nın müdafiəsi AŞPA-nın mandatına və formatına uyğun gəldi? Təbii ki, AŞPA-nın nə qərarı, nə də özü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur”, - deyə Cəbi Quliyev əlavə edib.