Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan 1993-cü ildən başlayaraq özünün xarici siyasətində geniş fəaliyyət istiqamətlərindən biri olaraq ölkəmizin dünyada tanıdılmasını müəyyən etdi, eləcə də Azərbaycanın təbii sərvət və əhali potensialının, geosiyasi mövqeyi, mədəniyyəti, incəsənət və musiqisinin hər bir sahədə təbliği ilə məşğul oldu.
Bu iş milli-mənəvi dəyərlərimizin yaşadılmasına daim əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və dünyada tanıdılması sahəsində görülən ardıcıl və məqsədyönlü tədbirlər, habelə 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili ilə Azərbaycanın tarixi ilə yanaşı olaraq, onun qədimliyini və bütün dünyanın mədəni-mənəvi inkişafına verdiyi töhfəni açıq-aydın nümayiş etdirirdi.
Həyata keçirilən böyük işlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha sürətlə və hərtərəfli inkişaf etdirilməyə başlandı. Azərbaycan bu günədək yüzlərlə beynəlxalq konfransların, irimiqyaslı, mötəbər tədbirlərin həyata keçirilməsinə müvəffəq olmuş, beləliklə də beynəlxalq arenada etibarlı tərəfdaşa çevrilmişdir. Eyni zamanda, bu gün Bakı şəhəri yaradılmış bütün infrastruktur imkanları baxımından mötəbər beynəlxalq tədbirlərin müvəffəqiyyətlə keçirilməsi, eləcə də ölkəyə gələn bütün yüksək səviyyəli qonaqların qəbul olunması üçün ən yaxşı məkanlardan biri hesdab olunur.
Keçdiyimiz günlərdə Bakıda öz işinə başlamış və 06 oktyabr tarixinədək davam edəcək əhəmiyyətli beynəlxalq tədbirlərdən biri də – 74-cü Beynəlxalq Astronavtika Konqresi oldu. Təsadüfi deyil ki, Konqres məhz gözəl paytaxtımız Bakı şəhərində keçirilir. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourinin də qeyd etdiyi kimi, 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra yenidən Bakı şəhərində reallaşmasının doğrudan da böyük mahiyyəti var.
Beynəlxalq Astronavtika Konqresi həm tarixi mahiyyəti və məzmununa görə, həm də yeni çağırışların idarə olunması baxımından dünya üçün həddindən artıq faydalı tədbirdir. 100-dən artıq ölkəni təmsil edən 5000-dən çox insanın işirak etdiyi, qlobal çağırışlar və yeni imkanların əldə olunması fonunda kosmik fəaliyyətin dərinləşdirilməsi və əlaqələndirilməsinin vacibliyini ortaya qoyan bu Konqres kosmos innovasiyaları sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradacaqdır.
Öz işinə 02 oktyabr tarixində başlayan konqresin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti iştirak etdi və bu platformadan da çox məharətlə istifadə etməklə, dövlət başçısı öz dolğun və məzmunlu çıxış nitqində Azərbaycan həqiqətlərini, gənc müstəqil ölkə olaraq Azərbaycanın keçdiyi tarixi yolu və əldə etdiyi mühüm nailiyyətləri rəqəmlərlə səsləndirdi.
Belə ki, Prezident İlham Əliyev 2003-cü ildən bu günə qədər iqtisadi sahədə, o cümlədən enerji və qeyri-enerji sektorlarında Azərbaycanın uğurlarını qeyd etdi: “Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə artıb, büdcə gəlirləri 30 dəfədən çox artıb, xarici ticarət dövriyyəsi on dəfədən çox artıb. Son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.”
Cıxış nitqində Cənab Prezident eyni zamanda regionda baş verən hadisələrə toxunaraq, Cənubi Qafqazın artıq sülhə ehtiyacı olduğunu, bunun gündəliyimizdə prioritet olaraq qaldığını, sülh prosesinin nizamlanması istiqamətində özündə multikultural dəyərləri ehtiva edən məsələlərin nəzərdən keçirilməsinin vacibliyini bəyan etdi.
Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman beynəlxalq platformalardan ölkə mədəniyətinin, tarixinin zəngin potensialını nümayiş etdirmək üçün uğurla istifadə edib. Beynəlxalq Astronavtika Federasiyası da dünyada böyük nüfuza sahib olduğu və ən yeni çağırışlar əhatəsində fəaliyyət göstərdiyi üçün bu platforma Azərbaycan həqiqətlərinin nümayiş etdirilməsi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından vacib idi.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı