“ATƏT-in Minsk qrupu Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda lazımsız bir təsisata çevrilib”

“Bu gün qlobal dünya nizamını təhdid edən problemlərdən danışarkən əlbəttə ki, Cənubi Qafqazda təhlükəsizliyin və sülhün təmin olunması məsələləri də vacib müzakirə mövzularından biri kimi çıxış edir. Məlumdur ki, hazırda Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında aparıcı rol oynayan bir ölkədir və bu rolun önəmi getdikcə artır. Buna görə də ölkəmizin mövcud olduğu regionda yarana biləcək hər hansı bir hərbi münaqişə və ya sadəcə qeyri-stabillik, enerji təhlükəsizliyinə birbaşa tədidlərin yaranması deməkdir. Məhz bu səbəbdən Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması təkcə regional problem deyil. Bu baxımdan məxsusi olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması da regional təhlükəsizliyin təminatında əsas şərtlərdən biri kimi çıxış edir.” Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib. Millət vəkili qeyd edib ki, sülh müqaviləsinin hazırlanması üçün Azərbaycanın irəli sürdüyü 5 prinsipin artıq Ermənistan hökuməti tərəfindən qəbul olunması irəliyə doğru atılmış bir addım olsa da, qonşu ölkə bu addımdan sonra yenidən əvvəlki passiv mövqeyinə qayıdıb: “Təsadüfi deyil ki, iyunun 16-da öz işinə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi nitqində Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın irəli sürdüyü təklifləri, xüsusilə 5 prinsipi qarşı tərəfin qəbul etməsini mütərəqqi hal olaraq qiymətləndirib. Eyni zamanda dövlət başçısı artıq bu məsələ ilə bağlı əməli işlərin görülməsinin vacibliyini də qeyd edib. Ölkə Prezidenti bildirib ki, Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb və indi eyni addımı atmaq növbəsi Ermənistanındır. Əlbəttə ki, bu qeyri-müəyyənlik sonsuzadək davam edə bilməz. Erməni tərəfi anlamalıdır ki, hazırda Azərbaycanın irəli sürdüyü şərtlər bu gün də, gələcəkdə də onların ala biləcəkləri ən optimal təklif variantıdır və əslində bütün region kimi, Ermənistanın da maraqlarına cavab verir”, - deyə N.Aslanov bildirib.
Daha sonra deputat Cənubi Qafqaz regionunda gedən proseslərə ATƏT-in Minsk qrupu kimi özünü qətiyyən doğrultmamış və 28 il ərzində üzərinə götürdüyü vəzifələrin icrası baxımından heç bir nəticə əldə edə bilməmiş bir qurumun yenidən cəlb edilməsi ideyasının tamamilə məntiqsiz və uğursuz olduğunu vurğulayaraq bunları deyib: “Azərbaycan 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vurmaqla Ermənistanla olan münaqişəyə son qoydu. Bununla da əsas vəzifəsi nə vaxtsa mövcud olmuş bu münaqişənin “sülh yolu ilə həlli” variantlarının axtarılmasından ibarət olan ATƏT-in Minsk qrupu avtomatik olaraq lazımsız bir təsisata çevrildi. Həmçinin qrupun həmsədr ölkələri arasında hazırda getdikcə gərginləşən münasibətlər də bu qurumun artıq heç bir prosesə real təsir imkanlarına malik olmadığını deməyə əsas verir. Öz çıxışında bu məsələyə xüsusi olaraq toxunan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin bir araya gəlməsinin mümkün olmadığını hamı anlayır. Buna görə də Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Azərbaycan münaqişəni həll edib və Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həyata keçirilib. İndi isə Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması üzərində iş aparılmalıdır.”
Həmçinin N.Aslanov deyib ki, IX Qlobal Bakı Forumunun açılış mərasimində söylənən fikirlər arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı deyilənlər xüsusi önəm kəsb edir: “2020-ci il noyabr ayının 10-da Moskvada Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatda ölkəmiz üçün ən vacib olan məqamlardan biri də təbii ki, bu sənəddə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin yaradılmasının təsdiq olunmasıdır. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Sözsüz ki, bütün regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. Lakin təəssüflər olsun ki, Ermənistan 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına, o cümlədən kommunikasiyaların açılmasına hələ də əməl etməyə tələsmir. Bu isə, Prezident İlham Əliyevin dediyi kimi, qətiyyən qəbuledilməzdir. Məsələ bundadır ki, yenə də həmin üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Azərbaycan Qarabağın ermənilər yaşayan hissəsindən Ermənistana keçidi təmin edib. Bir il yarımdır ermənilər bu yollardan istifadə edirlər. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Əlbəttə ki bu, böyük ədalətsizlikdir və Azərbaycan bununla razılaşmayacaq. Diqqətəlayiq haldır ki, Forumun digər iştirakçıları da Zəngəzur dəhlizinin son dərəcə önəmli beynəlxalq nəqliyyat layihəsi olduğunu vurğulayıblar. Qeyd olunub ki, Zəngəzur dəhlizi Avropa və Asiya arasında əlaqələrin daha səmərəli bərpası, ticarət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.