Avropa Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir

Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan, mövqeyi nəzərə alınan dövlətdir. Ölkəmiz region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlar ilə qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətini yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir.

Və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib, Avropa İttifaqı və quruma üz dövlətlərlə qarşılıqlı faydalı münasibətlər qurub. Bu əlaqələr uzun illər ərzində genişləndirilib və daha da möhkəmləndirilib. Hesab edirəm ki, məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasi kurs sayəsində ölkəmiz Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşa çevrilib. Xüsusilə, istər ötən il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə birgə keçirilən mətbuat konfransında, istər Azərbaycan Prezidenti İlham Əliyev Brüsselə səfəri çərçivəsində dekabrın 14-də NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə, istərsə də bu ilin fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib: «Mən, həmçinin demək istərdim ki, hazırda bizim Energetika Nazirliyi bərpaolunan enerjiyə investisiyaların yatırılması ilə bağlı aparıcı beynəlxalq enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Bizdə bununla bağlı böyük ruh yüksəkliyi var. Düşünürəm ki, bu, Azərbaycanda "yaşıl enerji"nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Bizim, həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq. Düşünürəm ki, bu, çox təbii olacaq. Çünki Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib”.

Dövlət başçısı Azərbaycanın həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olduğunu vurğulayaraq neft ixracatına artıq uzun illərdir başlanıldığını bildirib: “Biz neft ixracatına 2006-cı ildən başlamışıq, artıq uzun illərdir. Təchizatda heç bir fasilə olmamışdır, müqavilə şərtləri pozulmamışdır, enerji siyasəti arxasında heç bir siyasi gündəm yox idi. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq. Bu il biz keçən illə müqayisədə daha çox ixrac edəcəyik - böyük potensial var, xüsusilə indi, qaz bazarındakı vəziyyətin sabit olmamasını nəzərə alaraq”.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, Cənub Qaz Dəhlizi layihəsi müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı: “Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik”.

Göründüyü kimi, Azərbaycan Prezidentinin cəsarətli, qətiyyətli mövqeyi nəticəsində çox çətinliklər və əziyyətlər hesabına başa gələn Cənub Qaz Dəhlizinin nə qədər uzaqgörən təşəbbüs olduğunu aydın görürük. Həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin Cənubi Qafqazda yaratdığı təhlükəsiz, regional əməkdaşlığın inkişaf etdirilməsi nəticəsində bölgədə dayanıqlı sülhə, sabitliyə və inkişafa nail olmaqdır. Çünki Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə dəstək olmaqla yanaşı, Azərbaycanın valyuta gəlirlərinin artırılması baxımından çox əhəmiyyətlidir.

Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görür: «Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək”. Təsadüfi deyil ki, Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson toplantıdakı çıxışında bu məsələyə də toxunub: “Görürəm ki, bu gün Məşvərət Şurasında Qərbi Balkanlardan bir çox nazir və təmsilçilər iştirak edir. Sizin burada olmağınız Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün nə dərəcədə əhəmiyyətli olmasının kifayət qədər sübutudur”. Bir sözlə, dövlət başçımızın dediyi kimi, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut edib və həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

 

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü