İyulun 18-də İngiltərənin Oksford şəhərində keçirilən IV Zirvə toplantısının təşkilatçısı olan “Avropa Siyasi Birliyi” artıq dünyada ciddi siyasi əlaqələndirmə platforması kimi qəbul olunur. Qurumun məqsədi Avropa qitəsinin təhlükəsizliyini və rifahını gücləndirmək, ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoq aparmaqdır. Bu mənada Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin sammitə qatılması və orada çıxış etməsi ölkəmizə və onun rəhbərliyinə verilən böyük dəyərin göstəricisidir.
“Avropa Siyasi Birliyi”nin Çexiya və Moldovada keçirilən Zirvə toplantılarında da Azərbaycan Prezidenti iştirak edib. Görünür, ölkəmizin zəngin enerji ehtiyatları, geostrateji coğrafi mövqedə yerləşməsi, dövlət başçımızın dünyada artan nüfuzu bu təşkilatçıları sövq edir ki, keçirilən sammitlərə Azərbaycan liderini də dəvət etsinlər.
Oksford Sammiti çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda Dəyirmi masada iştirak edən cənab İlham Əliyev çıxışında Avropa ictimaiyyətini düşündürən bir çox məsələlərə, xüsusilə də, enerji təminatı ilə bağlı suallara aydınlıq gətirdi. O qeyd etdi ki, enerji sahəsində Bakıda müəyyənləşdirilmiş strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Ölkəmiz bu hədəfə doğru irəliləyir və bu il Avropa qitəsinə bizim qaz təchizatımız 13 milyard kubmetrə yaxın olacaq.
Bu gün Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi Bakının milli maraqlarına tam uyğundur. Bu gün Azərbaycandan səkkiz ölkə, o cümlədən Avropa İttifaqının beş üzvü - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya, eləcə də üzvlüyə iki namizəd ölkə - Gürcüstan və Serbiya təbii qaz alır. Yaxın perspektivdə ölkəmizin Sloveniya bazarına da daxil olacağı gözlənilir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa interkonnektor layihələri icra olunduqca, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar yaranacaq. Azərbaycan öz hədəflərinə çatmaq üçün yeni tərəfdaşlarla, əsasən, Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirəcək. Ölkəmiz 20 il ərzində tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşu dövlətlərlə birlikdə onu istismara verib.
Prezident İlham Əliyevin Sammitdəki çıxışı Azərbaycanın enerji siyasətinin düzgün strategiya üzərində qurulduğunu bir daha təsdiqlədi. Avropa ölkələri ilə, xüsusilə də, enerji sahəsində iqtisadi tərəfdaşlıq iqtisadiyyatımızın daha da inkişafına, beynəlxalq nüfuzunun artmasına səbəb olub. Bu istiqamətdə atılan addımlar Azərbaycanın enerji imkanlarının davamlı və sabit inkişafını təmin edir. Doğrudan da, ölkəmiz ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəltməklə enerji təhlükəsizliyini təmin etməklə bərabər, iqtisadi artım tempini də qoruyur. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq isə Azərbaycan hələ uzun müddət ənənəvi enerji resurslarını istehsal və ixrac etməklə Avropanın enerji təhlükəsizliyində vacib rol oyanayacaqdır. Onu da qeyd edim ki, Avropa Siyasi Birliyi əsasən Avropada sülh, barış, inteqrasiya, əməkdaşlıq və təhlükəsizliyi müzakirə edir. Sammitə qatılan hər bir kəs bu yöndə çıxış etməli və təkliflər irəli sürməlidir. Sammitə dəvət alan Ermənistanın baş naziri Nikol Paşinyan isə daha çox künc-bucaqda Makronla pıçıldaşmaqları ilə yadda qaldı.
N.Paşinyandan fərqli olaraq Azərbaycan Prezidenti bütün dünya üçün strateji əhəmiyyətli enerji sahəsində əməkdaşlıq, bağlantıların qurulması və milli təhlükəsizliyin təmininə həsr edilmiş paneldə çıxış etdi, Avropa Siyasi Birliyinin məqsəd və məramlarına uyğun qiymətli fikirlər səsləndirdi. İştirakçılar İlham Əliyevin "enerji sferasında strateji tərəfdaşlıq" mövzusundakı çıxışına maraqla qulaq asdılar və Bakının Avropaya enerji ixracını 2027-ci ilə qədər iki dəfə artırmaq planını alqışladılar. Avropa Bakının imkanlarını, cənab İlham Əliyevin sözünün imzası qədər qüvvədə olduğunu çox gözəl bilirlər. Təsadüfi deyil ki, Avropa İttifaqı Azərbaycanı energetika sahəsində etibarlı tərəfdaş və bütövlükdə Avropanı qazla təchiz edən ölkə kimi qəbul edir.
Cəbi Quliyev
VI cağırış Milli Məclisin deputatı