Texnoloji inkişaf bizim üçün əsas prioritet olmalıdır

“Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurların və onların fonunda müəyyənləşdirilən hədəflərin təqdimatıdır. Bu baxımdan Prezident İlham Əliyevin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışı hazırda ölkə mətbuatında geniş şərh edilir. Azərbaycanda təhsilin, elmin inkişafından, alimlərimizin ölkəmizin  tərəqqisinə  verdikləri davamlı töhfələrdən geniş bəhs edən  cənab İlham Əliyev vurğuladı ki, Akademiya 80 ildə böyük yol keçib. Bu illər ərzində  müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək, təhsilin, elmin inkişafı istiqamətində böyük səylər göstərdiyini, Azərbaycan alimlərini dəstəklədiyini görərik. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrıldı. O illərdə Ulu Öndərin təşəbbüsü ilə yüz minlərlə Azərbaycan gənci keçmiş  İttifaqın aparıcı ali məktəblərinə göndərildi və  ölkəmizdə intellektual potensial daha da gücləndi. Bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirildi. Hər bir sahədə möhkəm təməl Azərbaycanın bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. Hazırda  on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərində təhsil alırlar. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdır,  ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında ölkənin bugünkü və  gələcək inkişafında təhsilin, elmin, yeni texnologiyaların rolunu xüsusi vurğulayır. Reallıq budur ki, Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Təbii ki, bu, atılan  mühüm addımların uğurlu nəticəsidir”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov  bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70  illik yubileyinin qeyd olunduğu 2015-ci ildən ötən 10 ildə Azərbaycanın bütün sahələrdə, o cümlədən elmdə, təhsildə qazandığı uğurlardan, atılan addımlardan geniş bəhs etdi: “Təbii ki, bu illərin uğurlarının zirvəsində ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası dayanır. Buna əsas verən isə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz,  Vətənə, torpağa sevgimiz və sair amillərdir. Daim ölkəsinin, xalqının gələcəyini düşünən Lider müəyyənləşdirdiyi siyasəti ilə dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılması üçün zəruri addımları atır. Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olması, dünyaya inkişafın təkmil modelini təqdim etməsi də bunun bariz nümunəsidir. Hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan sabitliyi və iqtisadi amili nəzərə alsaq Azərbaycanın bu istiqamətlərdə qazandığı uğurlar göz qabağındadır. Dövlət başçısı İlham Əliyev yubiley yığıncağındakı çıxışında vurğuladı ki, bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. Bu gün iqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur. Bu gün dünyanın aparıcı reytinq agentlikləri - iki aparıcı beynəlxalq reytinq agentliyi bizim kredit reytinqimizi qaldırıb və bunu investisiya reytinqinə uyğun səviyyədə artırıb. Bu, əlbəttə ki, ölkəmizdə gedən iqtisadi islahatların təzahürüdür. Biz heç kimdən asılı deyilik. İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir. Valyuta ehtiyatlarımız ildən-ilə artır. Bu göstəriciyə görə Azərbaycan bu gün dünya miqyasında aparıcı yerlərdədir. İqtisadi və maliyyə dayanıqlılığı bizə imkan verir ki, böyük investisiya layihələrini icra edək. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur. Azad edilmiş bu torpaqlarda da dünyada misli görülməmiş işlər görülür”.

Malik Həsənov vurğulayıb ki, son 10 il  Azərbaycan  üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edildi. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir.  Ərazimizdə işğalçı qüvvələr,  xarici hərbi birləşmələr yoxdur. Bu gün bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır.

Millət vəkili qeyd edib ki, illər keçdikcə qarşıda duran vəzifələr də dəyişir: “Hazırda hər bir ölkənin inkişafını, eyni zamanda, təhlükəsizliyini onun texnoloji imkanları şərtləndirir. Dövlət başçısının çıxışında bildirdiyi kimi, bu gün bunu iqtisadi inkişafda, yeni texnologiyaların tətbiqində, yeni müharibələrdə görürük. Cənab İlham Əliyev bu çağırışı etdi ki, ona görə texnoloji inkişaf üçün əsas prioritet olmalıdır və əlbəttə, burada Azərbaycan alimlərinin üzərinə böyük vəzifə düşür.  Azərbaycan dövlətinin üzərinə böyük vəzifə düşür ki, bu texnoloji inkişafı bütün sahələrdə tətbiq edək və beləliklə, bizim inkişafımız dayanıqlı olsun. Hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Təbii resurslar  sadəcə olaraq bir vasitədir, bir imkandır. Təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə gələcəkdə  inkişafımızı dayanıqlı etmək olar. Təbii sərvətlər tükənən sərvətlərdir. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər”.

Malik Həsənov vurğulayıb ki, cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı vaxtdan bu hədəfi qarşıya qoydu- İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik! Son 22 idə atılan addımların uğurlu nəticələri bu hədəfə nail olduğumuzu təsdiqləyir: “İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə siyasi mövqeyini də möhkəmləndirir. Azərbaycan ənənəvi tərəfdaşları ilə əlaqələrini möhkəmləndirməklə bərabər, yeni körpülərin qurulmasında da maraqlıdır. Ölkəmiz əməkdaşlıq məkanı kimi diqqətdədir. Bu gün paytaxt Bakı ilə yanaşı regionlarımızın, o cümlədən azad edilmiş ərazilərimizin müxtəlif sahələr üzrə keçirilən tədbirlərə ev sahibliyi də Azərbaycanın beynəlxalq alımdə qazandığı nüfuzun, etimadın göstəricisidir”.

Millət vəkili bildirib ki, hər bir çıxışında Azərbaycanın tarixindən geniş bəhs edən cənab İlham Əliyev bu mühüm hədəfə də diqqəti yönəltdi ki, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq: “Dövlətimizin başçısı bunun üçün qarşıda dayanan vəzifələri də açıqladı. Elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi əsas prioritetlərdəndir. Bu çağırış da diqqətə çatdırıldı ki, artıq 30 ildən çoxdur ki, müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

 Malik Həsənov ümumiləşdirilmiş şəkildə qeyd edib ki, atılan hər bir addım, qarşıya qoyulan hədəflər qalib, bütövləşən Azərbaycanımızın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, hər bir sahədə zəngin təcrübəyə malik olmasına xidmət edir. Hər zaman qeyd edildiyi kimi, güclü Azərbaycan bütün dövrlərdə əsas hədəf olub. Bu hədəf bizi torpaqlarımıza qovuşdurdu, tarixi ədaləti bərpa etdi, işğala son qoydu. Xalqımız tezliklə növbəti hədəfimizə də nail olacağımıza əmindir. Qərbi Azərbaycana qayıdacağıq.