Avropanın enerji siyasətində Azərbaycan önəmli yer tutur

Bu gün Avropada qaza tələbat ən yüksək həddə çatıb. Belə bir məqamda Azərbaycanın təbii qazı Avropa ölkələrinin bir çoxunun milli enerji sistemi üçün əvəzedilməz rol oynayır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu artıran daha bir mühüm amildir.                         

Son illər Azərbaycanın Avropanın enerji təminatında çəkisi əhəmiyyətli dərəcədə artıb. Xüsusən Avropa ölkələrinə tarixdə ilk dəfə alternativ təchizat mənbələrinə malik olmaq imkanı yaranıb. Çünki alternativ mənbə təhlükəsizlik baxımından önəmlidir. Buna görə də alternativ mənbəyə təkcə marşrut kimi baxılmamalıdır. Azərbaycanla əməkdaşlıq etməklə Avropa ölkələri özlərinin enerji təhlükəsizliyini qorumuş olurlar. Prezident İlham Əliyev cari ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışında Azərbaycanın təbii qazını alan ölkələrin adlarını çəkib: “Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə. Sessiyadan əvvəl cənab Baş nazirlə müzakirə etdik ki, dünən Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verdi. Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.

Hazırda yeni mənbə və yeni marşrutlar vasitəsi ilə Azərbaycan qazı Avropa bazarına, Türkiyə bazarına nəql olunur. Əlbəttə ki, bu, ölkəmizin apardığı enerji siyasətinin üstünlüyüdür.

VI çağırış Milli Məclisin deputatı

Nəsib Məhəməliyev