
A.Quliyev bildirib: "Bu konfrans yalnız Azərbaycan barədə sizin ümumi məlumatlılığınızın artırılması deyil, həmçinin Azərbaycan tarixindəki ağrılı səhifələri sizinlə paylaşmaq məqsədi daşıyır. Azərbaycan torpaqlarının 20%-i uzun illərdi ki, qonşu Ermənistan tərəfindən işğala məruz qalmışdır. Çoxsaylı beynəlxalq qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması ilə bağlı qətnamələri hələ də yerinə yetirilməmiş olaraq qalır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX əsrin ən faciəli münaqişələrindən biridir. Bu münaqişə nəticəsində yüz minlərlə insanın həyatı zərbə almış və məcburi köçkün və qaçqın həyatı yaşamağa vadar edilmişdir. Azərbaycan hökuməti bu təsirə məruz qalmış insanlara müntəzəm olaraq hər cür dəstək göstərsə də onların əsas problemi, yəni doğma yurd-yuvalarına qayıdışı və əvvəlki həyatlarını bərpa etməsi hələ də əlçatmaz olaraq qalır. Yeri gəlmişkən, 2005-ci ildə İtaliya hökuməti tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan məcburi köçkünlərə humanitar yardımın göstərilməsini yüksək dəyərləndiririk.
Bu günlərdə biz Azərbaycanın Dağlıq Qarabağ regionunda fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımının 23-cü il dönümünü qeyd edirik. Həmin gecə törədilən qanlı qətliam zamanı 613 mülki şəxs qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır şəkildə yaralanmış və çoxlu sayda həmvətənimiz itkin düşmüşdür. Faciənin törədildiyi o gecə əbədi olaraq yaddaşımızda və qəlbimizdə yaşayacaqdır. Çox təəssüf ki, bu soyqırımı törədən şəxslər etdikləri əmələ görə nəinki qanun qarşısında layiq olduqları cəzanı almamışdır, əksinə, bu gün Ermənistan hökumətində yüksək dövlət postlarında təmsil olunurlar.
Mən, sizi bu faciəni törədən şəxslərin cəzalandırılmasına və Xocalı ilə bağlı ədalətə nail olmaqda Azərbaycana dəstək verməyə çağırıram. Bu faciənin dünyada tanıdılması istiqamətində müvafiq səylərin artırılması bu məqsədə çatmaq baxımından mühüm əhəmiyyət kəsb edir.
Yekunda diqqətinizə çatdırmaq istərdim ki, Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin yayılması Azərbaycan üçün çox əhəmiyyətlidir. Gələcəyi qorumaq istəyiriksə, keçmişimizi unutmamalıyıq".